Məhkəmə qərarları › İş №e-2(064)-168/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-168/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-168/2024 09.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 204,54 manat əsas, 144 manat faiz və 213,36 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 68,16 manat faiz borcuna görə cəmi 630,06 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" QSC cavabdehə aralarında bağlanmış 04 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 525 manat məbləğində kredit vermişdir. "xxxx" QSC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam icra etməmiş, nəticədə cavabdehin ona həmin müqavilə üzrə 204,54 manat əsas, 144 manat faiz, 213,36 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış 68,16 manat faiz borcu olmaqla, cəmi 630,06 manat borcu yaranmışdır. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya həmin borcunu ödəməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 30 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi, cavabdehin hesabından çıxarış, iddiaçının cavabdehə göndərdiyi bildiriş, ona dair poçt qəbzi və dövlət rüsumunun ödənilməsi barədə məlumat əsasında həmin müqavilə üzrə işin faktiki hallarının yalnız əsas borc məbləğinə və ödənilmiş dövlət rüsumunun məbləğinə münasibətdə iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş müvafiq faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddiaçı cavabdehin 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 630,06 manat məbləğində olduğunu iddia etsə də, məhkəmə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından hazırki iş üzrə əldə edilib mülki işin materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair məlumat əsasında müəyyən etmişdir ki, 04 iyul 2014cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun 204,54 manat hissəsinin restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, 30 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 9,74 manat hissəsi (630,06 manat (iddia tələbi) : 204,54 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 3,08; 30 manat : 3,08 = 9,74) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 20,26 manat hissəsi (30 – 9,74 = 20,26) isə iddiaçıya aid olunmalıdır. Beləliklə, məhkəmə bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən, yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə 204,54 manat və ödənilmiş dövlət rüsumuna görə 9,74 manat olmaqla, cəmi 214,28 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 204,54 manat borc və ödənilmiş dövlət rüsumuna görə 9,74 manat olmaqla, cəmi 214,28 manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar