Məhkəmə qərarları › İş №e-2(064)-1682/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1682/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1682/2025 11.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Abdüləzim oğlu və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Abdüləzim oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)230719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 7445,97 manat əsas borcun, 23,27 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 278,10 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 97,47 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 Abdüləzim oğlu arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 23 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)230719-01 nömrəli kredit müqaviləsinə əsasən 4 sentyabr 2014-cü il tarixli 131690/04092014 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 8.362,49 (səkkiz min üç yüz altmış iki manat 49 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 Abdüləzim oğluna kredit verilərkən Cavabdeh2 ilə bank arasında 23 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 Abdüləzim oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bu səbəbdən də Cavabdeh1 Abdüləzim oğlunun 23 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)230719-01 nömrəli kredit müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixə banka ödənilməmiş cəmi 7.747,34 (yeddi min yeddi yüz qırx yeddi manat 34 qəpik) manat məbləğində borcu vardır. Bundan 7.445,97 (yeddi min dörd yüz qırx beş manat 97 qəpik) manatı əsas borc, 23,27 (iyirmi üç manat 27 qəpik) manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu və 278,10 (iki yüz yetmiş səkkiz manat 10 qəpik) manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-ci maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarının nəticə hissəsində göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 23 iyul 2019cu il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı qarşısında olan öhdəliyi 23 iyul 2024-cü ildə bitir. Lakin İddiaçı öhdəliyin icra müddətinin bitdiyi gündən etibarən 1 il ərzində deyil, 24 iyul 2025-ci il tarixdə zamin Cavabdeh2 qarşı tələb irəli sürmüşdür. Belə olan halda Məhkəmə hesab edir ki, qanunun tələbinə görə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Məhkəmə İddiaçının AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına istinad edərək irəli sürdüyü tələbi də əsaslı hesab edərək qeyd edir ki, tələb həmin hissədə təmin olunmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə ödənilmiş 97,47 manat dövlət rüsumunun əvəzinin də Cavabdeh1 Abdüləzim oğlundan tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Abdüləzim oğlundan 7445,97 manat əsas borcun, 23,27 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 278,10 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və ödənilmiş 97,47 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar