Məhkəmə qərarları › İş №e-2(064)-1712/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1712/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1712/2023 12.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 54,09 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart (hesab: ********************) verilmişdir. Cavabdeh ******************** hesabında vəsait olmadığı halda 28 noyabr 2022ci il tarixdə ümumilikdə 937.84 manat həcmində köçürmə edilmiş, həmin vəsaitin 883.75 manat hissəsi bərpa edilsə də, 54.09 manat borc ödənilməmiş qalmışdır. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka 54.09 manat əsas borcu olmaqla, cəmi 54.09 manat borcu mövcuddur. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart (hesab: ********************) verilmişdir. Cavabdeh ******************** hesabında vəsait olmadığı halda 28 noyabr 2022-ci il tarixdə ümumilikdə 937.84 manat həcmində köçürmə edilmiş, həmin vəsaitin 883.75 manat hissəsi bərpa edilsə də, 54.09 manat borc ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka 54.09 manat əsas borcu mövcuddur. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 54,09 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar