Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1816/2023 03.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verdiyi “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə aralarında bağlanmış 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4434,51 manat əsas və 0,01 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 64,75 manat olmaqla, cəmi 4499,27 manat məbləğində pulun sonuncunun vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X2 aralarında bağlanmış 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 6000 manat məbləğində pulu kreditlə vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, X3 həmin müqavilə üzrə öhdəliyini tam icra etməmiş, nəticədə sonuncunun ona həmin müqavilə üzrə 4434,51 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 4434,52 manat borcu yaranmışdır. X3 01 mart 2021ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat Ofisinin 14 aprel 2023-cü il tarixli, 167 nömrəli məktubunda X1 miras əmlakına dair ailə üzvləri olan Cavabdeh1 və Cavabdeh2 adına 22 fevral 2022-ci il tarixli, 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi göstərilmişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 X1 hüquqi varisi kimi miras əmlakını qəbul etdiklərinə görə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki məzmunda tələb irəli sürmək hüququ yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 64,75 manat məbləğində pul ödəmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən Cavabdeh3 22 fevral 2022-ci il tarixli, 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 vərəsələrindən biri kimi tanındığına görə iş üzrə cavabdeh qismində tanınmasını, X1 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4434,52 manat borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin verdiyi həmin vəsatət təmin edilmiş, Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, əri X3 (bundan sonra əri) 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında iddiaçıdan 6000 manat məbləğində pulu kreditlə almış, 01 mart 2021-ci il tarixdə öldüyünə görə 4434,51 manat əsas kredit borcunu ödəyə bilməmişdir. Ərinin mülkiyyətində olmuş buraxılış ili 1993-cü il olan “Damler-Chrysler C-180” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun, övladları Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. O, həmin avtomobili təxminən 5-6 ay bundan əvvəl tanımadığı şəxsə beş min manat məbləğində pula satmış, həmin pulu ərinin digər borclarının ödənilməsinə xərcləmişdir. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 verdiyi izahatında işin halları barədə Cavabdeh1 ilə eyni məzmunda göstərərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə izahatlarında göstərdikləri məzmunda şəxsən yazdıqları ərizəni təqdim etmişlər. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, sonuncu və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi, ona edilmiş əlavə və məxaric orderi, X1 borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında iddiaçının iddia ərizəsində X3 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun öhdəliyini tam yerinə yetirməməsi, iddiaçıya olan borcu və iddiaçının iş üzrə dövlət rüsumunu ödəməsi ilə bağlı göstərdiyi işin faktiki hallarını eyni məzmunda müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş həmin faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında, həmçinin müəyyən etmişdir ki,: - X3 01 mart 2021-ci il tarixdə ölmüşdür (06 aprel 2021-ci il tarixli, AZ-İİ seriyalı, 173704 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən). - X1 mülkiyyətində olmuş, buraxılış ili 1993-cü il olan “Damler-Chrysler C-180” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakdan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1/3 hissədə pay verilmişdir (Füzuli rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 22 fevral 2022-ci il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən). Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Füzuli rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 22 fevral 2022-ci il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X1 mülkiyyətində olmuş, “Damler-Chrysler C-180” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlak üzrə qanun üzrə vərəsələri qismində tanındıqlarına, həmin mirası qəbul etdiklərinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında verdikləri izahatları, məhkəməyə təqdim etdikləri yazılı ərizələri əsasında həmin avtomobilin Cavabdeh1 tərəfindən beş min manat məbləğində pul satıldığı müəyyən edildiyinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 X1 iddiaçı ilə bağladığı 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ödənilmədiyi 4434,51 manat əsas və 0,01 manat faiz borcu üzrə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsələri olduqları X1 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4434,51 manat əsas və 0,01 manat faiz borcuna, ödənilmiş dövlət rüsumuna görə 64,75 manat olmaqla, cəmi 4499,27 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-1816/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1816/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver