Məhkəmə qərarları › İş №e-2(064)-1846/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1846/2023

12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1846/2023 12.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı MMC-nin Cavabdeh Müşfiq oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraata qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Müşfiq oğlundan vurulmuş maddi ziyana görə 4.187,99 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 62 manat pulun və medisiya xərci üçün ödənilmiş 55 manatın alınaraq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Müşfiq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcıkassir işinə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli, 282 saylə əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, 691 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Müşfiq oğluiş vaxtı bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı MMC-nin OBA-Füzuli 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumilikdə 4.187,99 manat zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4.187,99 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Cavabdeh Müşfiq oğlunun nümayəndəsi vəkil Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə və adi qaydada iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, eləcə də cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərədən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcıkassir işinə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli, 282 saylə əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış dır. Cavabdeh xx.xx.2021-ci il tarixli, 691 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Müşfiq oğluiş vaxtı bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı MMC-nin OBA-Füzuli 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdehin cəmiyyətə 4.187,99 manat maddi zərər vurması müəyyən edilmişdir. Odur ki, iddiaçı bu məbləğin ödənilməsini tələb etmişdir. Lakin Cavabdeh nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətindən bəhs edən 191-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 296-cı maddəsinin 5-ci hissəsində qeyd edilir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd olunur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, işəgötürən-İddiaçı MMC işçi-Cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını xx.xx.2021-ci il tarixdə (aparılmış inventarizasiyanın nəticələrinə dair müvafiq akt bu tarixdə tərtib olunmuşdur) aşkar etmiş, lakin məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq olunmasına dair ərizəsi nəzərə alınmalı və İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, iddia tələbi rədd olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş 55 manat ona aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh Müşfiq oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş 55 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar