Məhkəmə qərarları › İş №e-2(064)-1856/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1856/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1856/2025 02.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı ASC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən 28495,23 manat əsas, 2573,62 manat faiz borcu olmaqla, cəmi 31068,85 manat və ödənilmiş 183,21 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 103807-860162/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 21,5% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 04 avqust 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 28495,23 manat əsas, 2573,62 manat faiz borcu olmaqla, cəmi 31068,85 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasınıın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə göstərilən qanunvericilik normaları və iş materialları əsasında müəyyən etdiyi işin faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tariхli, 103807- 860162/1 nömrəli krеdit müqaviləsi, bildiriş, ödəniş cədvəli, maliyyə arayışı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (faiz borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da, faiz borcunun məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə Cavabdehə müraciət edərək onun banka həmin tarixə 28495,23 manat əsas, 1543,21 manat faiz borcu olmaqla, cəmi 30038,44 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 7 gündən gec olmayaraq ödəməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə Cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, faiz borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğə uyğun olaraq nəzərə alınmalıdır. Bununla yanaşı, iş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci İddiaçının dövlət rüsumuna görə ödədiyi 183,21 manat ibarətdir. İddiaçının tələbi Məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 183,21 manat dövlət rüsumunun 180,11 manatı Cavabdehə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222-ci maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28495,23 manat əsas, 1543,21 manat faiz borcu olmaqla, cəmi 30038,44 manat və ödənilmiş 180,11 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar