Məhkəmə qərarları › İş №e-2(064)-1889/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1889/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1889/2023 27.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən əsas borc üzrə 1.420 AZN, cərimə borcu üzrə 159,28 AZN, həmçinin ərizəyə görə ödənilmiş 36,19 AZN dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1.615,47 AZN borcun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti 2.356 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 006-EMB-0576-22 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 4.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il əsas borcu 1420 AZN, cərimə borcu 159,28 AZN olmaqla ümumi borcu 1579.28 AZN təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 1718/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Odur ki, iddiaçı həmin borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 006-EMB-0576-22 saylı krеdit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə qaytarılmaq şərti 2.356 manat məbləğində krеdit vеrilmişdir. Krеdit Müqaviləsinin 4.1.1-ci bəndinə əsasən borcalan-cavabdeh müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən-iddiaçı kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, cavabdehin iddiaçıya əsas borcu 1420 AZN və cərimə borcu 159,28 AZN olmaqla ümumi borcu 1579.28 AZN təşkil edir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəliklərinə lazımınca əməl etməmiş və belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 36,19 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234və 284-5-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 1.420 manat əsas borc, 159,28 AZN cərimə borcu, həmçinin ödənilmiş 36,19 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 1.615.47 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar