Məhkəmə qərarları › İş №e-2(064)-2057/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2057/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2057/2023 20.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosessində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8955,45 ABŞ dolları - bundan 2.239,35 ABŞ dolları əsas borc, 3284,52 ABŞ dolları faiz borcu, 3106,08 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 325,50 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 135.68 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı, 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitin artırılması məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh3” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 280013231/ZM №-li 23 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 23 iyul 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3635,45 ABŞ dolları əsas borc, 742,59 ABŞ dolları faiz borcu və 135,34 ABŞ dolları cərimə məbləği ilə birlikdə, cəmi 4513,38 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. Əlavə sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********847 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 8955,45 ABŞ dolları təşkil edir. Bundan 2239,35 ABŞ dolları əsas borc, 3284,52 ABŞ dolları faiz borcu, 3106,08 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 325,50 ABŞ dolları faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh3 həmçinin bildirdi ki, xx.xx.2016-cı il tarixdə bağlanmış əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh1 bildirdi ki, o, atası borcalan Cavabdeh3 və digər zamin Cavabdeh2 imzaladıqları kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılmış müqaviləyə zamin kimi imza atmışdır. Əslində elə müqavilə müddəti də məhz orada göstərilən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı, 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşıında birgə məsuliyyət daşıyırlar. xx.xx.2016-cı il tarixdə bağlanmış 23 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı əlavə sazişin 1.2-ci bəndində qeyd edilir ki, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. 1.3. Bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. xx.xx.2016-cı il tarixdə bağlanmış 23 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 1 saylı əlavə sazişin 1.2-ci bəndində qeyd olunur ki, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı, 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə iddia tələbinə görə 2.239,35 ABŞ dolları əsas borc, 3284,52 ABŞ dolları faiz borcu, 3106,08 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 325,50 ABŞ dolları faiz borcu olmaqla cəmi 8.955,45 ABŞ dolları ödənilməmiş kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Lakin bununla yanaşı, məhkəmə cavabdeh-borclu Cavabdeh3 iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd olunmasına dair ərizəsini də qəbul edib nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında» qərarında göstərilmişdir ki, «iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir». Odur ki, iddiaçının borcluya qarşı kredit borcunun qaytarılması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olduğunu və cavabdeh tərəfindən kredit borcunun qaytarılmamaqla bu hüququn pozulduğunu araşdıran məhkəmə həm də cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə söykənərək iddia tələbini rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında» qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Məhkəmə onu da qeyd edir ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, borcalan Cavabdeh3la kreditor arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 23 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı əlavə sazişin 1.2-ci bəndinə görə, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmin sazişin 1.3-cü bəndində isə göstərilir ki, bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sənədlər içərisində belə ödəniş qrafikinə rast gəlinməmişdir. Bununla yanaşı, borcalan Cavabdeh3 və zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 23 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 1 saylı əlavə sazişin 1.2-ci bəndində isə qeyd olunmuşdur ki, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Göründüyü kimi, kreditin müddətinin uzadılma tarixi ilə bağlı müqavilələr arasında müqayisə aparmaq zərurəti yaranmışdır. Cavabdeh-borcalan Cavabdeh3 və cavabdeh-zamin Cavabdeh1 məhkəmə iclasında bildirdilər ki, xx.xx.2016-cı il tarixdə bağlanmış əlavə sazişə əsasən kreditin müddəti məhz xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılmasını özündə ehtiva edən müqavilə bütün tərəflərin, o cümlədən kreditor, borcalan Cavabdeh3 və zaminlər Cavabdeh2 və Cavabdeh1 həqiqi iradəsini ifadə etməklə bağlandığından daha üstün tutulmalı və kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması nəzərə alınmalıdır. Göründüyü kimi, kredit müqaviləsinin icrası müddətindən, yəni xx.xx.2019-cu il tarixdən 3 illik iddia müddəti artıq keçmişdir. Odur ki, məhkəmə cavabdehin iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsini, müqavilənin icrası müddətindən 3 ildən artıq müddətin keçməsini və iddiaçının xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia müddəti keçdiyindən kreditin qaytarılmasına dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Bununla yanaşı, təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2019-cu il tarixdə başa çatsa da iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi əsaslarından biri olan 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, Mülki Məcəllənin 447.0.4-cü maddəsinin tələbinə görə tərəflər arasında bağlanmış zaminlik artıq xitam edilmişdir. Belə olan halda, iddiaçının uzun müddətdən sonra cavabdeh-zaminlərə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia qaldırması əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən 135,68 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 135.68 manat ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar