Məhkəmə qərarları › İş №e-2(064)-2059/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2059/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2059/2023 26.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT MMC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin və Cavabdeh2 ilə aralarında bağlanmış 11 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə yaranmış 575,32 manat əsas, 2,18 manat faiz və 8,12 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 615,62 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müvafiq olaraq cavabdehlərlə aralarında bağlanmış 11 noyabr 2021-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 1 faizlə 1112 manat məbləğində pulu kreditlə vermiş, digər Cavabdeh2 isə zamin qismində həmin kredit borcunun ödəniləcəyinə dair öhdəlik götürmüşdür. Cavabdeh1 həmin müqavilə üzrə borcunu ödəməsi üçün poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərsə də, sonuncu öhdəliyini icra etməmiş, nəticədə cavabdehlərin ona 575,32 manat əsas, 2,18 manat faiz və 8,12 manat cərimə borcu olmaqla, cəmi 585,62 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətində məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. “Füzuli Rayon Məhkəməsindən göndərilən telefonoqram və faksoqramın qeydə alınması kitabı”nın kserosurəti çıxarılıb iş materiallarına əlavə edilmiş müvafiq vərəqinin surətindən görünür ki, məhkəmə tərəfindən 14 noyabr 2023-cü il tarixdə cavabdehlərə iş üzrə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə telefon vasitəsilə məlumat verilmiş, cavabdehlər iş üzrə iddia tələbinə etiraz etmədiklərini bildirmişlər. Bundan başqa, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən faktiki yaşayış ünvanına göndərilmiş məhkəmə bildirişləri poçt orqanı tərəfindən məhkəməyə qaytarıldığına, elektron məhkəmə sistemindən əldə edilmiş məlumatda cavabdehlərin 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən çıxdıqları, bundan sonra Azərbaycan Respublikası ərazisinə daxil olmadıqları, Bakı şəhəri Binəqədi RİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyin 19 dekabr 2023-cü il tarixli məktubunda da cavabdehlərin Rusiya Federasiyasında olmaları səbəbindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən faktiki yaşayış ünvanında yaşamadıqları göstərildiyinə görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən iş üzrə sonuncu məhkəmə bildirişi cavabdehlərə və ya yetkinlik yaşına çatmış ailə üzvünə təqdim edilməsi üçün Bakı şəhəri Binəqədi RİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinə göndərilmişdir. Məhkəmə göstərilən səbəblərdən Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinə əsasən məhkəmə bildirişlərinin cavabdehlərə rəsmi qaydada verildiyi barədə nəticəyə gəlir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli və 15 noyabr 2021-ci il tarixli saziş, ödəniş cədvəli, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsi, cavabdehlərin 16 oktyabr 2023-cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehlərə göndərdiyi xəbərdarlıq, poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini əhəmiyyətli dərəcədə pozması iddiaçının həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququnu yaratmışdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı BOKT MMC ilə müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2021 və 15 noyabr 2021-ci il tarixli kredit və zaminlik müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq 11 noyabr 2021 və 15 noyabr 2021-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış 575,32 manat əsas, 2,18 manat faiz və 8,12 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 615,62 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar