Məhkəmə qərarları › İş №e-2(064)-22/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-22/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-22/2025 12.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, X2 (bundan sonra LPO) "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2472,42 manat əsas, 2635,09 manat faiz, 2027,44 manat cərimə borcu olmaqla, cəmi 7485,15 manat borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350,20 manat faiz borcu və iş üzrə ödənilmiş 94,86 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 24% dərəcəsi ilə, 36 ay müddətinə 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-390008360 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01/15 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5282,07 (beş min iki yüz səksən iki dollar, 7 sent) ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyənləşdirmişdi. Kredit və zaminlik Müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit məbləği konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5527,94 (beş min beş yüz iyirmi yeddi manat, 94 qəpik) AZN müəyyən edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirmişdi. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 6423,81 (altı min dörd yüz iyirmi üç manat, 81 qəpik) manat borcu hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh2 cəmi borcu 7485,15 (yeddi min dörd yüz səksən beş manat, 15 qəpik) manat təşkil edir. Bundan 2472,42 (iki min dörd yüz yetmiş iki manat, 42 qəpik) manat əsas, 2635,09 (iki min altı yüz otuz beş manat, 09 qəpik) manat faiz, 2027,44 (iki min iyirmi yeddi manat, 44 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350,20 (üç yüz əlli manat, 20 qəpik) manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********353 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş kredit kartının verilməsi və istifadə edilməsi haqqında xx.xx.2014-cü il tarixli müqavilə, həmin müqaviləyə xx.xx.2015-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli əlavə sazişlər, ona edilmiş əlavə əsasında həmin müqavilələr üzrə işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş müvafiq faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə 94,86 manat məbləğində pul ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/9636 saylı ekspert rəyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixə-müqavilənin müddəti bitdikdən sonra əsas borcunun 2583,52 manat, faiz borcunun 1496,91 manat olduğu, xx.xx.2021-ci il tarixə əsas borcunun 2583,52 manat, faiz borcunun 1674,53 manat olduğu, xx.xx.2024cü il tarixə əsas borcunun 2583,52 manat, faiz borcunun 1496,91 manat və faiz borcu 5 faizlə 541,82 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014cü il müqavilədən və sonralar bankla cavabdehlər arasında imzalanmış əlavə sazişlərdən görünür ki, Cavabdehlər bankdan kredit pulu almış, kreditin əsas məbləğini və istifadə etdiyi kreditə hesablanmış faizlərlə bərabər hissələrlə ödəməyi vəd etmişdir. Cavabdehlər öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya borcları yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, lakin cavabdehlər bu təklifə münasibət bildirməmişlər. İddiaçı hazırkı tələb üzrə 94,86 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı cavabdehdən 2472,42 manat əsas, 2635,09 manat faiz, 2027,44 manat cərimə borcu olmaqla, cəmi 7485,15 manat borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350,20 manat faiz borcunun tutulmasını tələb etmiş, iddiasını cavabdehin xx.xx.2024-cü il tarixə ona iddia edilən miqdarda borcunun yaranması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2024-cü il tarixə əsas borcun 2583,52 manat, faiz borcunun 1496,91 manat və faiz borcu 5 faizlə 541,82 manat olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, xx.xx.2025-ci il tarixli rəylə qismən razılaşır və cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 1496,91 manat faiz borcunun yaranmasının işin hallarına uyğun olduğu nəticəsinə gəlir. Bundan əlavə, göründüyü kimi iddiaçının iddia tələbində əsas borc və kredit müqaviləsi bitəndən sonra 5 faiz üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan kredit müqaviləsi üzrə əsas borc və kredit müqaviləsi bitəndən sonra 5 faiz üzrə tələb etdiyi məbləğ hissəsində ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi əsas borc və kredit müqaviləsi bitəndən sonra 5 faiz üzrə tələb etdiyi məbləğ hissəsində təmin edilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin illik 5 %-lə hesablanmış 350,20 manat faiz borcunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas borca münasibətdə cavabdehdən 2027,44 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 240 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 94,86 manat dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlərin iddiaçıya 2472,42 manat əsas, 1496,91 manat faiz, 240 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350,20 manat faiz borcu olmaqla, cəmi 4559,53 manat məbləğində borcunun qalması tam təsdiq olunduğundan, həmin borclar və 94,86 manat dövlət rüsumu onlardan müştərək qaydada iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat isə cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmə, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada 2472,42 manat əsas, 1496,91 manat faiz, 240 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350,20 manat faiz borcu olmaqla, cəmi 4559,53 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 94,86 manat tutularaq iddiaçı X2 (bundan sonra LPO) "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar