Məhkəmə qərarları › İş №e-2(064)-2208/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2208/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2208/2023 27.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) dəymiş maddi zərərə görə 283.09 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixində, saat 22:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivi, “Bağ” marketin yanında etibarnamə əsasında idarə etdiyi “MERCEDES POMP” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı İB-yə məxsus qaz təsərrüfatına ümumilikdə 283.09 manat məbləğində maddi zərər (22.55 manat itirilmiş təbii qazın dəyəri və 260.54 manat təmir-bərpaya çəkilən xərc) dəymişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarına əlavə olunmuş “qəza hadisəsi barədə” xidməti məlumatdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində, saat 22:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivi, “Bağ” marketin yanında Cavabdeh etibarnamə əsasında idarə etdiyi “MERCEDES POMP” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə D-108 mm-lik qaz xətti 15 m məsafədə yararsız vəziyyətə salınmış. Xəttin zədələnmiş hissəsindən 45 dəqiqə ərzində 30 mb qaz havaya axmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində, saat 22:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivi, “Bağ” marketin yanında Cavabdeh etibarnamə əsasında idarə etdiyi “MERCEDES POMP” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə D-108 mm-lik qaz xətti 15 m məsafədə yararsız vəziyyətə salınmış. Xəttin zədələnmiş hissəsindən 45 dəqiqə ərzində 30 mb qaz havaya axmışdır. İş materiallarına əlavə edilmiş “müraciətlərə baxılması barədə” məktubdan müəyyən olunur ki, İddiaçınə həmin hadisə nəticəsində 22.55 manat itirilmiş qazın dəyəri, 260.54 manat bərpa xərci olmaqla ümumilikdə 283.09 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında” protokoldan müəyyən olunur ki, Cavabdeh yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş və nəticədə yerüstü qaz xəttini yararsız vəziyyətə salmışdır. İş materiallarına əlavə olunmuş cavabdehin yazılı izahatından müəyyən olunur ki, o, düzgün manevr etmədiyindən qaz turbasına dəyərək toqquşmuşdur. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iş üzrə iddiaçı dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə göstərilən qanunvericilik normalarına və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 283.09 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar