Məhkəmə qərarları › İş №e-2(064)-2265/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2265/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2265/2025 03.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023cü il tarixli, 020A********** saylı müqaviləyə əsasən 554,5 manat məbləğində kredit borcu, 89,81 manat məbləğində faiz borcu və 17,69 manat məbləğində cərimə olmaqla, cəmi 662 manat, xx.xx.2023-cü il tarixli 020A********** saylımüqaviləyə əsasən 9305,76 manat məbləğində kredit borcu, 567,40 manat məbləğində faiz borcu və 117,16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10652,32 (on min altı yüz əlli iki manat otuz iki) manat məbləğində borcun və ödənilmiş 121,96 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə 020A********** saylı bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 020A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, götürdüyü kredit borcundan 1445,5 manat ödəniş etmiş və onun iddiaçıya 554,5 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 89,81 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 121,96 manat məbləğində pul ödəmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək qeyd etmişdir ki, hazırda maddi imkanı zəif olduğundan banka olan borcunu ödəyə bilmir. Borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirərək hazırda maddi vəziyyəti ilə əlaqədar ödənişləri edə bilmədiyini bildirmiş, borcunu hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, cavabdehlərin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixə olan borcu haqqında maliyyə arayışları, iddiaçının cavabdehlərə göndərdiyi yazılı xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar iddianı qəbul edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023cü il tarixdə 020A********** saylı bağlanmış müqaviləyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüş və bu zaman bank ilə Cavabdeh1 arasında da zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə kreditalan tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi üçün kreditalan ilə birgə məsuliyyət daşımağı barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsinin şərtlərini pozmuşlar. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 020A********** saylı müqaviləyə əsasən 554,5 manat məbləğində əsas borc, 89,81 manat məbləğində faiz borcu və 17,69 manat məbləğində cərimə olmaqla, cəmi 662 manat və xx.xx.2023-cü il tarixli, 020A********** saylı müqaviləyə əsasən 9305,76 manat məbləğində kredit borcu, 567,40 manat məbləğində faiz borcu və 117,16 manat məbləğində cərimə olmaqla, cəmi 10652 (on min altı yüz əlli iki manat otuz iki manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumuna görə 121,96 manat məbləğində pul tutulub İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 020A********** saylı müqaviləyə əsasən 554,5 manat məbləğində əsas borc, 89,81 manat məbləğində faiz borcu və 17,69 manat məbləğində cərimə olmaqla, cəmi 662 manat və xx.xx.2023-cü il tarixli, 020A********** saylı müqaviləyə əsasən 9305,76 manat məbləğində kredit borcu, 567,40 manat məbləğində faiz borcu və 117,16 manat məbləğində cərimə olmaqla, cəmi 10652 (on min altı yüz əlli iki manat otuz iki manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumuna görə 121,96 manat məbləğində pul tutulub İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar