Məhkəmə qərarları › İş №e-2(064)-2313/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2313/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2313/2025 04.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Füzuli Rayon Məhkəməsinə (bundan sonra – məhkəmə) Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.2022-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 2294,14 manat əsas, 108,9 manat faiz və 46,07 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli 030KK**********01 saylı kredit müqaviləsi üzrə 921,4 manat əsas, 179,02 manat faiz və olmaqla, cəmi 3549,53 manat məbləğində pulun və ödənilmiş 55,5 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 (on bir min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O götürdüyü kredit bоrcundan 8705,86 manat ödəniş etmişdir. 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 147 gün üçün hesablanmış faiz borcu 108,9 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 147 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 46,07 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 030KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə "X1 Cards" növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 1500 (min beş yüz) manat məbləğində kredit limiti açılmışdır.Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh əsas borcu üzrə 921.40 manat məbləğində kredit borcu qalmışdır. Kart Kredit Müqaviləsinin 2.4cü bəndinə müvafiq olaraq. xx.xx.2025-ci il tarixə 324 gün üçün hesablanmış faiz borcu 179.02 manat, təşkil edir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da faiz və cərimə borcunun məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə cavabdehə müraciət edərək onun banka həmin tarixə 2294,14 manat əsas, 103,32 manat faiz borcu və 44,08 manat cərimə borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 10 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 10 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, faiz borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğə uyğun olaraq nəzərə alınmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş dövlət rüsumunun 55,41 manat hissəsinin əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 2294,14 manat əsas, 103,32 manat faiz və 44,08 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli 030KK**********01 saylı kredit müqaviləsi üzrə 921,4 manat əsas və 179,02 manat faiz olmaqla, cəmi 3541,96 manat məbləğində pul və ödənilmiş 55,41 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar