Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-242/2024 25.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 1.186,92 manat pul və 31,87 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdehin həmin kart hesabına (3881 0944 0058 5874 5116) xx.xx.2020-ci il tarixində 2 dəfə 101,57 AZN və 1 dəfə də 995,39 AZN pul vəsaitləri səhvən yüklənmiş, cavabdeh tərəfindən “onlayn” əməliyyatlar aparılmış, məbləğin bir qismi ATM-dən məxaric edilmişdir. Məhkəməyə təqdim edilmiş çıxarışdan məlum olur ki, xx.xx.2019-cu il tarixdə cavabdehə 54.50 AVRO pul göndərilir və bu məbləğ texniki olaraq səhvən 2 dəfə karta mədaxil edilir. Həmin məbləğ, yəni, 54.50 AVRO günün kursuna uyğun konvertasiya edilərək 101,57 manat 2 dəfə kartda görünür, lakin göndərən tərəfdən pul banka daxil olmur. Cavabdeh tərəfindən istifadə edildiyinə görə kartda 203,14 manat mənfi yaranır. Bir müddət sonra xx.xx.2020-ci il tarixdə cavabdehin kartına 530,37 AVRO pul göndərilir. Həmin məbləğ yəni, 530.37 AVRO günün kursuna uyğun konvertasiya edilərək 991,26 manat karta köçürülür, eyni tarixdə yenidən texniki olaraq səhvən 530,37 AVRO 2-ci dəfə kartda yenidən kursa uyğun konvertasiya edilərək 995,39 manat artıq yükləni. Cavabdeh tərəfindən istifadə edildiyinə görə kartda artıq 1.186,95 manat mənfi yaranır. Cavabdeh bilmədən həmin məbləğin hamısının ona aid olduğunu hesab edərək istifadə edə bilər, lakin faktiki olaraq tələb edilən məbləğin ona aidiyyəti yoxdur, bu bankın vəsaitidir. Kart hesabından çıxarışın son vərəqinə nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 108,479.79 manat mədaxil edilib, 109,666.71 manat isə məxaric edilmişdir. Buradan da aydın olur ki, cavabdeh banka 1186,92 manat ziyan vurmuşdur. Nəticədə Cavabdeh banka cəmi 1186,92 manat ziyan vurmuşdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyənləşmişdir ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. Cavabdeh ona məxsus 0944 0058 5874 5116 kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdehin həmin kart hesabına (********************) xx.xx.2020-ci il tarixində 2 dəfə 101,57 AZN və 1 dəfə də 995,39 AZN pul vəsaitləri səhvən yüklənmiş, cavabdeh tərəfindən “onlayn” əməliyyatlar aparılmış, məbləğin bir qismi ATM-dən məxaric edilmişdir. Cavabdeh tərəfindən istifadə edildiyinə görə kartda artıq 1.186,95 manat borc yaranır. Kart hesabından çıxarışdan görünür ki, müştəri-cavabdehin kartına 108,479.79 manat mədaxil edilib, 109,666.71 manat isə məxaric edilmişdir ki, nəticədə cavabdeh banka 1.186,92 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh texniki overdraft yaranması nəticəsində bankın vəsaitini qanunsuz şəkildə əldə etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli hesab və ödəniş kartına dair müqavilənin 2.4-cü bəndində deyilir ki, hesabında texniki overdraft yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Lakin göründüyü kimi, cavabdeh-müştəri müqavilənin bu şərtinə əməl etmədiyindən iddiaçı-bank haqlı olaraq həmin məbləğin geri qaytarılmasını tələb etimşdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumuna görə qabaqcadan ödənilmiş 31,87 manatın cavabdehdən iddiaçının xeyrinə ödənilməsini əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 1.186,92 manat pul və 31,87 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-242/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-242/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver