Məhkəmə qərarları › İş №e-2(064)-254/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-254/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-254/2025 28.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 24 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 7128,94 manat əsas və 34,85 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 91,64 manat olmaqla, cəmi 7255,43 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 24 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədilə 33 ay müddətinə, illik 19 faizlə 18700 manat məbləğində pulu kreditlə vermiş, həmin müqavilə üzrə borcunu ödəməsi üçün bir neçə dəfə şifahi və yazılı qaydada xəbərdarlıq etsə də, sonuncu öhdəliyini icra etməmişdir. Nəticədə cavabdehin ona həmin müqavilə üzrə 03 dekabr 2024-cü il tarixə 7128,94 manat əsas və 34,85 manat faiz borcu olmaqla, cəmi 7163,79 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 91,64 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəmənin hazırlıq iclasında verdiyi izahatında və yazılı ərizəsində iddia tələbini tam həcmdə qəbul edib etiraf etdiyini göstərmiş, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 24 iyun 2022-ci il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, kassa məxaric orderi, cavabdehin 03 dekabr 2024-cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə yazılı qaydada göndərdiyi 16 noyabr 2024-cü il tarixli bildiriş, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi və xüsusilə də məhkəmə tərəfindən qəbul edilmiş cavabdehin iddia tələbini tam həcmdə etiraf etməsi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 24 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 24 iyun 2022-ci il tarixli krediti müqaviləsi üzrə yaranmış 7128,94 manat əsas və 34,85 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 91,64 manat olmaqla, cəmi 7255,43 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar