Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-289/2025 30.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək "xxxx" QSC-yə vurulmuş 30991,36 manat məbləğində zərərin və 183 manat məbləğində dövlət rüsumunun, cəmi 31174,36 manat yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh tutularaq ADY-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-020 nömrəli 6636 saylı Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı Sumqayıt-Pirşağı istiqamətinin mənzilinin 47-ci km piket 7-də hərəkətdə olan zaman qatarın Q9 nömrəli baş alın şüşəsinə kənardan daş atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin Sabunçu X7 araşdırma aparılmışdır. Sabunçu X7n ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində saat 19:10 radələrində EŞ2-002 nömrəli, 6636 saylı sürətli elektrik qatarı Sumqayıt - Pirşağı istiqamətinin 47-ci km piket 7-də hərəkətdə olarkən baş alın şüşəsinə kənardan daş atılması nəticəsində ön şüşə hissəsinə zərər verən şəxsin xx.xx.2018-ci il təvəllüdlü X3 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, onun valideyni Cavabdeh bölməyə dəvət olunmuş lakin övladı X3 məktəbə getmədiyi və yazı yaza bilmədyi üçün onun izahatı sözləri ilə atası Cavabdeh tərəfindən yazılmışdır. X3 verdiyi izahatında qatarın alın şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məlumat üçün bildirilir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatar Sumqayıt - Pirşağı - Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında həmçinin sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. X3 tərəfindən ADY-yə vurulmuş 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində zərər və 183 (bir yüz səksən üç) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 31174,36 (otuz bir min doqquz yüz doxsan bir manat 36 qəpik) manat X2 qanuni nümayəndəsi Cavabdeh tərəfindən ADY-yə ödənilməlidir. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, X3 onun övladıdır. Sonuncu azyaşlıdır, ona görə də onun qanuni nümayəndəsidir. Oğlu Hüseyn məktəbə getmir və yazı yaza bilmir. X8 xx.xx.2024-cü il tarixdə saat təxminən 19:10 radələrində nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzirmişlər. Həmin vaxt dəmir yolu ilə qatar keçirmiş. Biraz gəzdikdən sonra o, nənəsi ilə yaşadığı ünvana getmişdir. Polis əməkdaşları xx.xx.2024-cü il tarixdə günorta saatlarında onların yaşadıqları ünvana gəlmişlər, sonra isə onu və Şahid Sabunçu st. XPŞ-nə dəvət etmişlər. Ondan izahat alınan zaman oğlu Hüseyn onun yanında olamamış, lakin sonradan oğlu polis əməkdaşları tərəfindən həmin otağa gətirilmişdir. O, izahat yazan zaman oğlu digər otaqda polislərin yanında olmuş və nə baş verdiyini anlamadığı üçün uşağın qorxudan ağladığını bildirdi. Sonradan uşaq ağladığı üçün polislər oğlunu onun yanına gətirmişlər. Bu zaman oğlundan qatara daş atmasını sual etdikdə Hüseyn qatara daş atmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona Hüseynin qatara daş atmasını yazmasının heç bir problem yaratmadığını bildirdilər. Belə olan halda və uşağın gərgin vəziyyətdə ağladığını nəzərə alaraq oğlunun qatara tərəf daş atdığını, lakin daşın qatara dəyməsini görmədiyi barədə izahat vermişdir. Hesab edir ki, azyaşlı övladı qatara daş atmamışdır. Həmçinin həmin zaman orada başqa bir uşaq olmuşdur. Video görüntüdən də görünür ki, daşı başqa uşaq atıbdır. Hazırki iddianı əsassız sayır. Qeyd olunan səbəblərə görə verilmiş iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:10 radələrində nəvəsi X3 ilə yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında 10-15 dəqiqə gəzdikdən sonra yaşadıqları ünvana getmişlər. Onlar orada gəzərkən dəmir yolu xətti ilə qatar keçirmiş. Polis əməkdaşları xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadıqları ünvana gəlmişlər və nəvəsi Hüseynin xx.xx.2024-cü il tarixdə dəmir yolu xəttinin kənarında gəzərkən qatara daş ataraq qatarın şüşəsini sındırdığını bildirmişlər. O, həmin hadisəni, yəni nəvəsinin qatara daş atmasını və qatarın şüşəsinin sınmasını görmədiyini və heç bir məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında azyaşlı X1 rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiyasının (Qəyyumluq və Himayəçilik orqanı) nümayəndəsinin və atası Cavabdeh iştirakı ilə dindirildi. X3 xx.xx.2024-cü il tarixdə nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzdiklərini, qatara qaş atmadığını bildirdi. İş materiallarına əlavə edilmiş: - "xxxx" QSC tərəfində verilmiş arayışın surətindən görünür ki, EŞ2-020 qatarına cəmi 30991,36 manat ziyan dəymişdir. - DYNPİ-nin Sabunçu st. XPŞ-nın İstintaq Qrupunun müstəntiqi polis kapitanı Xəyal qasımovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qeyd olunan fakt üzrə cinayət işinin başlanması rədd olunmuşdur. - iş materiallarında olan 1 ədəd DVD diskə yazılmış “xx.xx.2024 daş atma” adlı video görüntü izlənərkən müəyyən olunur ki, bir azyaşlı uşaq qadınla dəmir yolunun hündür tor qoruyucusunun çöl tərəfində dayanmışdır. Eyni zamanda onlardan qatara daha yaxın məsafədə olan başqa bir uşağın (adı məlum olmayan) qatara tərəf əyilərək qatarın sağ tərəfinə doğru tor qoruyucunun çölündən nəsə atdığı görünür. Ancaq nənəsinin yanında dayanmış azyaşlı X2 isə qatara tərəf nəsə atması video görüntüdən müəyyən edilmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus sərnişin qatarı hərəkətdə olan zaman qatarın baş alın şüşəsinə kənardan yad cismin atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəymişdir və bu hallar işin mübahisələndirilməyən hallarıdır. Lakin bu ziyan Cavabdehin təqsirli hərəkətləri səbəbindən dəyməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi, şahidi və Füzuli RİH Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiyasının (Qəyyumluq və Himayəçilik orqanı) nümayəndəsinin və atası Cavabdeh iştirakı ilə azyaşlını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki tələblə bağlı bu əsaslar müəyyən edilmir. Yəni, iddiaçının tələbin əsası kimi təqdim etdiyi sübutlar cavabdehin qanunazidd və təqsirli əməli nəticəsində ona ziyan vurulduğunu sübuta yetirmir. Belə ki, iş materiallarına əlavə edilmiş video görüntüdən müəyyən olunur ki, Cavabdehin övladı Hüseyn nənəsi Şahid ilə bigə dəmir yolu xəttinə yaxın məsafədə dayanan zaman orada başqa bir neçə uşaqlar da olumuşdur və məhz onlardan xeyli aralıda, qatarın gəldiyi istiqamətə daha yaxın dayanmış başqa bir uşaq qatara tərəf əyilərək nə isə atır. Bu halın baş verdiyini İddiaçının nümayəndəsi də məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş CD disk tədqiq edilən zaman etiraf etdi. Həmin video görüntü əks olunan CD disk iddia tələbini əsaslı hesab etməyə imkan vermir və hazırki iddia tələbilə bağlı hər hansı sübuti əhəmiyyətə malik deyildir. Həmçinin hadisə zamanı Hüseynin yanında olmuş və məhkəmə iclasında şahid qismində dindirilmiş sonuncunun nənəsi Şahid həm polis şöbəsində, həm də məhkəmə iclası zamanı verdiyi ifadələrdən də müəyyən edilir ki, Hüseyn Hacızadənin iddia tələbində göstərilən vaxtda qatarın alın şüşəsinə daş atmasının şahidi olmamışdır. Odur ki, azyaşlı Hüseyn Hacızadənin hərəkətləri ilə qatarın şüşəsinin yad cisim dəyməsi nəticəsində zədələnməsi arasında səbəbli əlaqə yoxdur. Həmçinin Məhkəmə iclasında azyaşlı X1 rayon icra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiyasının (Qəyyumluq və Himayəçilik orqanı) nümayəndəsinin və atası Cavabdeh iştirakı ilə dindirilən zaman nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzdiklərini, qatara qaş atmadığını bildirdi. Belə olan halda mülki qanunvericiliyə istinad edərək Hüseyn Hacızadənin qanuni nümayəndəsi olan Cavabdehin üzərinə hər hansı mülki məsuliyyət qoyula bilməz. Məhkəmə Cavabdeh Hüseyn Hacızadənin sözlərindən yazılmış izahata münasibət bildirərək qeyd edir ki, həmin izahat iddia tələbini əsaslı hesab etməyə imkan vermir və iddia tələbilə bağlı hər hansı sübuti əhəmiyyətə malik deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdehdən izahat alınan zaman övaladı Hüseyn Hacızadənin onun yanında olmadığı və bununla da yazılan izahatın Hüseyn Hacızadənin sözlərindən yazılmadığı müəyyən olunur. Bundan başqa, izahat alınan zaman Cavabdeh oğlundan qatara daş atmasını sual etdikdə Hüseyn qatara daş atmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona Hüseynin qatara daş atmasını yazmasının heç bir problem yaratmayacağını bildirmişlər. Belə olan halda və uşağın gərgin vəziyyətdə ağladığını, həmçinin özünün yas mərasiminə tələsdiyini nəzərə alaraq Cavabdeh oğlunun qatara tərəf daş atdığını, lakin daşın qatara dəyməsini görmədiyi barədə öz sözləri əsasında formal izahat vermişdir. Alınmış izahatın məhkəmə iclasında onu tərtib edən şəxsin iştirakı ilə tədqiq edilməsi üçün aidiyyəti polis orqanına dəvətlə bağlı məktub göndərilmiş, lakin sonuncu iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəllənin 1103.1-ci maddəsinin tələbindən də müəyyən olunur ki, mülki məsuliyyət üçün yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusunda valideyinin təqsirililiyi əsas hesab olunur. Həmin halla bağlı təqsirlilik qanunvericiliyin (İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi) yuxarıda göstərilən tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması nəticəsində müəyyənləşdirilir. İş materillarından isə müəyyən olunur ki, Cavabdehin inzibati qaydada təqsirliliyi araşdırılmamışdır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunun bu tələbindən də müəyyən olunur ki, Cavabdehin inzibati qaydada təqsirliliyi müəyyən edilmədiyindən irəli sürülmüş iddia tələbi də əsassızdır. İddia tələbilə eynilik təşkil edən digər bir tələb üzrə, yəni deliktlə bağlı Bakı Apellyasiya Məhkəməsinin “Sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlardan irəli gələn mübahisələrə baxarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair” icmal məktubunda göstərilir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. ... Qeyd olunan işlər üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.” İcmal məktubunun tövsiyyə xarakterli müddəalarından da müəyyən olunur ki, mülki hüquq pozuntusu ilə bağlı təqsir, əgər qanunvericilik həmin hallarla bağlı müvafiq icraat qaydası müəyyən edibsə, təqsir ilk öncə həmin icraat əsasında müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə müəyyən edilməli, bundan sonra mülki məhkəmə icraatı qaydasında dəymiş ziyanla bağlı iddia irəli sürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icmal məktubunda göstərilən tövsiyyə xarakterli müddəalar hazırki iddia tələbinə də tətbiq edilməli və bu kontekstdən də yanaşaraq da iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər vurulmasında təqsirliliyi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu da ona aid olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 81, 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 183 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-289/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-289/2025
30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver