Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2917/2025 27.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhəkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC "xxxx" Bank (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra Məhkəmə) müraciət edərək xx.xx.2024-cü il tarixli, DKM/018N05A02952424 nömrəli Kredit müqaviləsi üzrə 11442,94 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 709,61 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 35,36 manat məbləğində penya, cəmi 12187,91 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % dərəcəsi ilə hesablanan penya və ödənilmiş 126,6 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (kreditor) ASC ‘"xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/018N05A02952424 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə Cavabdeh Kreditor qarşısında gecikdirilmiş borcu 12152,55 manat təşkil edir ki, bunun da 11442,94 manat vaxtı keçmiş əsas borcdan, 709,61 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 35,36 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2025-ci il tarixli, ŞMX-XO-4.2.2025-001 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Həmçinin iddiaçı hesab edir ki, məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın Borc alandan İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş iddiaçı ASC ‘"xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/018N05A02952424 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 20000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh borcu 11442,94 manat vaxtı keçmiş əsas borc, 709,61 manat adi faiz borcu, xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 35,36 manat penya olmaqla, cəmi 12187,91 manat təşkil edir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və kreditin tam şəkildə qaytarılmasını təmin etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla belə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixli, ŞMX-XO-4.2.2025-001 nömrəli xəbərdarlıqla Cavabdehə müraciət edərək onun banka həmin tarixə 14111,66 manat kredit üzrə ödənilməmiş əsas borc, 1030,85 manat kredit üzrə vaxtı keçmiş əsas borc, 297,73 manat əsas borc üzrə hesablanmış vaxtı keçmiş faiz, 103,49 manat əsas borc üzrə hesablanmış müddətli faiz, 12,69 manat vaxtı keçmiş əsas borca hesablanmış adi faizlər, 3,15 manat isə vaxtı keçmiş əsas borca hesablanmış cərimə borcu olmaqla 15559,57 manat borcu yarandığı, yaranmış borc məbləğinin 3 iş günü müddətində ödənilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə Cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, faiz və cərimə (penya) borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğə uyğun olaraq nəzərə alınmalı və cavabdehdən kreditdən istifadəyə görə hesablanmış 413,9 manat faiz və vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 3,15 manat məbləğində penya tutulmalıdır. Məhkəmə tələbin “qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % dərəcəsi ilə hesablanan penyanın ödənilməsi” hissəsini isə rədd edərək bildirir ki, tələb İddiaçı tərəfindən mötəbər sübutlarla əsaslandırılmadığından təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 126,6 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 126,6 manat dövlət rüsumunun 125,58 manatı Cavabdehə aid edilməlidir. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə xx.xx.2024-cü il tarixli, DKM/018N05A02952424 №-li Kredit müqaviləsi üzrə 11442,94 manat əsas borc, 413,9 manat manat faiz borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 3,15 manat məbləğində penya olmaqla, ümumilikdə 11859,99 manat borc və ödənilmiş 125,58 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-2917/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2917/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver