Məhkəmə qərarları › İş №e-2(064)-341/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-341/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-341/2025 21.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2134,86 manat əsas borc və 331,60 manat faiz borcu olmaqla, cəmi 2466,46 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,66 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 24,71 faiz dərəcəsi ilə 48 ay müddətinə 5500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 2134,86 manat əsas borc və 331,60 manat faiz borcu olmaqla, cəmi 2466,46 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 44,66 manat məbləğində pul ödəmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında və iddiaya yazılı etirazlarında bildirmişdir ki, cavabdeh onun qızıdır, o, bankdan qeyd olunan krediti götürmüşdür. Götürülmüş 5500 manat qarşılığında banka 34 ay ərzində 6514,72 manat ödənilmişdir. Əsas borc 5500 manat olduğu halda 6514,72 manat ödənildikdən sonra necə ola bilər ki, əsas borca görə 2134,86 manat qalıq yaranmış olsun. Onlar İddiaçı ASC-nin bu hesablamasını qəbul etmirlər. Qeyd etmişdir ki, kredit götürən şəxs 34 ay ərzində 6514,72 manat ödədiyi halda bank iddia edir ki, kredit götrən şəxs 34 ay ərzində əsas borcun 3366 manat ödəmişdir.Bankın apardığı hesabata görə 14 ay ərzində şəxs əsas borcun 2134 manat məbləğində ödəniş etməli idi və yaxud başda bir müqasiyə aparaq vətəndaş 34 ay ərzində əsas borcun 3366 manat miqdarında ödəniş etdiyi halda, həmin 34 ay ərzində banka faiz borcuna görə 3148 manat ödəyir, heç bir halda bankın bu hesablaması ilə razılaşmaq olmur. Onlar hesab edirlər ki, əsas borc tam olaraq ödənilməmişdir. Kredit götürülən zaman bank tərəfindən 275 manat məbləğində sığorta haqqı alınmışdır. Onlar hesab edir ki, 275 manat məbləğndə vətəndaşdan sığorta alınıbsa, götürülmüş kredit tam olaraq sığortalanmışdır. 275 manat məbləğində sığorta haqqı tutulubsa, bu məbləğ götürülmüş 5500 manat kreditin 20 faizi deməkdir (il ərzində). Əgər vətəndaş götürülmüş krediti 48 ay üçün sığortalamış olsa idi sığorta şirkətinə 5500 manat qarşılığında 1100 manat sığorta haqqı ödəməli idi? Bu hansı qanuna uğundur ki, sığorta şirkəti əmlakın 20 faizi dəyərində illik sığorta müqaviləsi bağlayır? Yuxarıda qeyd olunanlara əsasən iddianın rədd edilməsini və öhdəliyin icrasına xitam verilməsi barədə qətnamə qbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-cü il tarixli kredit müqaviləsi, ona əlavə olunmuş ödəniş cədvəli, kassa məxaric orderi, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Bundan əlavə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon üzrə təshsil sektronun içraçısı vəzifədən azad edilmə barədə əmrdən görünür ki, X1, Cavabdeh və X2 03.06.204-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutuduqları vəzifədən azad edilmişlər. - İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli 07-02 saylı arayışdan görünür ki, İddiaçı ASC-də xx.xx.2021-ci il tarixində rəsmiləşdirilmiş GTKR3739526A157 müqavilə nömrəli 3200 manat nəğd kredit üzrə 3342,37 manat borc ödənilərək xx.xx.2021 tarixində müqaviləyə xitam verilmişdir. xx.xx.2021-ci il tarixində rəsmiləşdirilmiş GTKR4006164A157 müqavilə nömrəli 5500 nəğd kredit üzrə xx.xx.2024cü il tarixinə qədər 6514,72 manat vəsait ödənilmişdir. Müştərinin cari tarixə 2142,83 manat borcu vardır.Rəsmiləşdirilmiş kreditin faiz və müddəti belədir.(5500 manat 48 ay 24,71 faiz aylıq ödəniş 181,48 manat) -məhkəmənin sorğusuna əsasən Paşa Həyat sığorta şirkəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabda qeyd edilir: ”müvəkkil bank Kapital Bank ASC - Kürdəmir filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4006164A157 jsfo-li kredit müqaviləsinə dair Cavabdeh (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında bağlanmış MLİ P097515/21 saylı Şəhadətnamənin “Kredit götürən şəxslər üçün Həyat Sığortası Şəhadətnaməsi”ni (sığorta məbləği: 3001.39 AZN) məhkəməyə təqdim edirik. Onu da nəzərinizə çatdırmaq istərdik ki, hazırda MLİ P097515/21 saylı Şəhadətnamənin statusu qüvvədən düşmüş hesab edilir.” - Paşa Həyat sığorta şirkəti tərəfindən kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR4006164A157 saylı kredit müqaviləsinə görə sığorta məbləği 3001,39 manat, ümumi sıorta haqqı 275 manat, hissəvi sığorta haqqı 275 manat ödəməklə sığortalanmışdır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz ərizəsi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi iddiaya etirazını onunla əsaslandırmışdır ki, hazırki kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəlikləri sığortalanmışdır və hazırda cavabdehin səhhətində problemlər yarandığı üçün onun bank qarşısında öhdəlikləri sığortaçı tərəfindən ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin həmin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, sığorta müqaviləsinin şərtlərindən də belə məlum olur ki, sığorta hadisəsi olaraq sığorta müqaviləsində sadalanan hallar baş verməmişdir. Belə ki, sığorta müqaviləsində sığortalının bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunana İ, İİ, İİİ dərəcə əlilliyin təyin edilməsi sığorta hadisəsi sayılır. İndiki işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin İ, İİ, İİİ dərəcə əlilliyi təyin edilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 448.4cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, borclu səhhətində baş verən problemlərlə əlaqədar kreditoru xəbərdar etməmişdir. Belə olan halda o, kreditor qarşısında yerinə yetirmədiyi öhdəliklər üzrə məsuliyyət daşıyır. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin məcəllənin 422.2-ci maddəsinə əsasən Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Həmin məcəllənin 422.2.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ümumiyyətlə cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi,yəni səhhətində yaranmış problemlər ilə əlaqədar müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar müqavilənin ləğv edilməsinə dair məhkəmədə iddia da qaldırmamışdır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 2134,86 manat əsas borc və 331,60 manat faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları, hüquqi mövqeyi və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2134,86 manat əsas borc və 331,60 manat faiz borcu olmaqla, cəmi 2466,46 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 44,66 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar