Məhkəmə qərarları › İş №e-2(064)-364/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-364/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-364/2024 07.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 oktyabr 2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə yaranmış 569,55 manat əsas, 118,44 manat faiz, 3,53 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müqavilə müddətinin bitməsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 58,48 manat faiz borcuna görə cəmi 750 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC cavabdehə aralarında bağlanmış 23 yanvar 2015-ci il tarixli, 08/26 nömrəli kredit müqaviləsinə əsasən 1500 manat məbləğində pulu kreditlə vermişdir. Tərəflər arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalında müəyyənləşdirilən 569,55 manat məbləğində kredit borcu restrukturizasiya olunmuş, cavabdeh həmin müqavilə üzrə borcunu 24 ay müddətinə hər ay 23,98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçıya 569,55 manat əsas, 118,44 manat faiz, 3,53 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən müqavilə müddətinin bitməsindən sonra hesablanmış 58,48 manat faiz borcu yaranmışdır. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya həmin borcunu ödəməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 30 manat məbləğində pul ödəmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində göstərmişdir ki, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC ilə onun arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin aşağı sağ tərəflərindəki imzalar ona məxsusdur. O, 2019-cu ildə başqa bankdan kredit götürmək üçün "xxxx" ASC-yə olan borcunu bağlamış, həmin banka kredit borcunun olmaması barədə arayış almaq üçün müraciət edərkən bankın işçiləri ona banka kredit borcunun olmaması barədə arayışın verilməsi ilə bağlı olduğunu deyib bir neçə sənədə imza etdirmişlər. Bu səbəbdən o, bankın işçilərinə inanıb təqdim edilmiş sənədlərə imza etmişdir. İş materiallarında olan 10 oktyabr 2019-cu il tarixli Restrukturizasiya müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin aşağı sağ tərəflərindəki imzalar ola bilsin ki, ona məxsusdur. Ehtimal edir ki, "xxxx" ASC-nin əməkdaşları ona həmin sənədlərə 2019-cu ildə kredit borcunun olmaması barədə arayış almaq üçün müraciət edərkən təqdim etdikləri sənədlərin arasında məzmununu elan etmədən, onu aldadaraq imza etdirmişlər. "xxxx" ASC ilə bağladığı 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödədiyinə görə 10 oktyabr 2019-cu il tarixli müqavilə iddiaçı ilə onun arasındakı münasibətlərin həqiqi məzmununu əks etdirmir. Əgər onun iddiaçıya 23 yanvar 2015 və ya 10 oktyabr 2019-cu il tarixli müqavilələr üzrə borcu olsaydı, bu hal Azərbaycan Kredit Bürosu MMC tərəfindən onun adına verilmiş çıxarışda göstərilərdi. Lakin həmin çıxarışda göstərdiyi müqavilələr və onlar üzrə onun öhdəliklərini yerinə yetirib-yetirməməsi barədə məlumatlar göstərilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Kredit Bürosu MMC tərəfindən cavabdehin adına verilmiş çıxarışla bağlı məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, həmin çıxarışda cavabdehin iddiaçı ilə bağladığı 10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli restrukturizasiya müqaviləsi, həmin müqavilə üzrə öhdəliyini yerinə yetirib-yetirməməsi göstərilməmişdir. Cavabdehin həmin müqavilə üzrə iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcunun olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tam sübut edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə edib məhkəməyə təqdim etdiyi, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - 23 yanvar 2015-ci il tarixdə "xxxx" ASC cavabdehə 1500 manat məbləğində pulu kreditlə vermişdir (Kredit kartın verilməsi və istifadəsi üzrə 23 yanvar 2015-ci il tarixli, 08/26 nömrəli müqaviləyə əsasən). - Cavabdehin həmin müqavilə üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalında müəyyənləşdirilən 569,55 manat məbləğində kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə iddiaçı ilə bağladığı 10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli Restrukturizasıya müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. Həmin müqavilə 24 ay müddətinə bağlanmış, cavabdeh iddiaçıya restrukturizasiya olunmuş məbləği illik 1 faiz dərəcəsi ilə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca etmədiyi, icrasını gecikdirdiyi halda, iddiaçıya hər il ödəməli olduğu pul məbləğinin 0,02 faizi həcmində dəbbə pulu ödəməli idi (10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli restrukturizasiya müqaviləsi və ödəniş cəvdəlinə əsasən). - Cavabdehin həmin restrukturizasiya müqaviləsinə əsasən iddiaçıya olan əsas borcu 569,55 manat, cərimə borcu 3,53 manat və müqavilə müddətinin bitməsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 58,48 manat təşkil edir (18 oktyabr 2023cü il tarixli maliyyə arayışına əsasən). Cavabdeh iddia tələbinə "xxxx" ASC ilə bağladığı 23 yanvar 2015-ci il tarixli, 08/26 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirdiyi, həmin müqavilə ilə bağlı iddiaçı ilə restrukturizasiya müqaviləsi bağlamadığı və iddiaçıya hər hansı məbləğdə borcunun olmaması barədə etiraz versə də, məhkəməyə etirazının əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları (tələbin cavabdehin müqavilə üzrə faiz borcunun məbləği ilə bağlı hissəsi istisna olmaqla) tam sübut etsə də, cavabdeh iddia tələbinə dair verdiyi etirazını sübut edə bilməmişdir. Məhkəmə tərəflər arasında 10 oktyabr 2019-cu il tarixdə restrukturizasiya müqaviləsinin bağlanması barədə nəticəyə gələrkən, cavabdehin məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində həmin müqavilə və ona əlavə edilmiş ödəniş cədvəlinin aşağı sağ tərəflərindəki imzaların ona məxsus olmasını inkar etməməsini, eləcə də həmin sənədlərə imza etməsini 2019-cu ildə "xxxx" ASC-yə kredit borcunun olmaması barədə arayış almaq üçün müraciət edərkən bank işçilərinin ona banka kredit borcunun olmaması barədə arayışın verilməsi ilə bağlı olduğunu deyib təqdim etdikləri sənədlərin arasında məzmununu elan etmədən, onu aldadaraq imza etdirdikləri ilə izah etsə də, həmin sənədləri bankın işçiləri tərəfindən aldadılma nəticəsində imza etməsinə dair məhkəməyə sübut etməməsini də nəzərə alır. Cavabdehin məhkəməyə təqdim etdiyi, Azərbaycan Kredit Bürosu MMC tərəfindən onun adına verilmiş 3 yanvar 2024-cü il tarixli çıxarışda cavabdehin iddiaçı ilə bağladığı bir neçə kredit müqavilələri üzrə borcunu tam ödədiyi göstərilsə də, cavabdehin məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində etiraf etdiyi kimi, həmin çıxarışda "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli, 08/26 nömrəli kredit müqaviləsi, tərəflər arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli restrukturizasiya müqaviləsi və həmin müqavilələr üzrə cavabdehin öhdəliklərini yerinə yetirib-yetirməməsi barədə məlumatlar göstərilməmişdir. Məhkəmə hesab edir ki, bu hal cavabdehlə "xxxx" ASC arasında 23 yanvar 2015-ci il tarixli, 08/26 nömrəli kredit müqaviləsi və tərəflər arasında 10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli restrukturizasiya müqaviləsinin bağlanmaması barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə bu barədə nəticəyə gələrkən, cavabdehin həmin müqavilələri və 10 oktyabr 2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlini şəxsən imzalaması ilə yanaşı, iddiaçı ilə sonuncu müqaviləni bağlamadığını bildirsə də, "xxxx" ASC ilə 23 yanvar 2015-ci il tarixli, 08/26 nömrəli kredit müqaviləsini bağlamasını qəbul etdiyini də nəzərə alır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki,: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə yuxarıda göstərilən, işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına (tələbin cavabdehin müqavilə üzrə faiz borcunun məbləği ilə bağlı hissəsi istisna olmaqla) və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 10 oktyabr 2019-cu il tarixli, LM101900139 nömrəli restrukturizasiya müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini 24 aylıq müqavilə müddətindən sonra da icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə görə iddia əsas borc, cərimə borcu və müqavilə müddətinin bitməsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna münasibətdə tam təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi 18 oktyabr 2023-cü il tarixli maliyyə arayışında cavabdehin 10 oktyabr 2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə faiz borcunu həmin müqavilənin bağlandığı 24 aylıq müddətin sonuna, yəni 10 oktyabr 2021-ci il tarixə kimi hesablamalı olduğu halda, 11 oktyabr 2023-cü il tarixə kimi hesabladığına və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya restrukturizasiya olunmuş məbləği illik 1 faiz dərəcəsi ilə ödəmək öhdəliyini üzərinə götürdüyünə görə cavabdehin müqavilə üzrə ümumiyyətlə ödəniş etməməsi də nəzərə alınaraq, cavabdehin 10 oktyabr 2019-cu il tarixli müqavilə müddətinin sonuna hesablanmalı olan faiz borcunun məbləği 11,40 manat (569,55 x 1%=5,70 x 2=11,40) həcmində müəyyən olunmalı, bu səbəbdən iddia həmin faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə cəmi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, iddiaçının dövlət rüsümuna görə ödədiyi məhkəmə xərcini təşkil edən 30 manat məbləğində pulun tələbin təmin edilmiş məbləğinə mütənasib olan 25,86 manat hissəsi (750 manat (iddia tələbi) : 642,96 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,16; 30 manat : 1,16 = 25,86) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 3,69 manat hissəsi (30–25,86 = 4,14) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10 oktyabr 2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə yaranmış 569,55 manat əsas, 11,40 manat faiz, 3,53 manat cərimə və müqavilə müddətinin bitməsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 58,48 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 25,86 manat olmaqla, cəmi 668,82 manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar