Məhkəmə qərarları › İş №e-2(064)-423/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-423/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-423/2025 10.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən 290,73 manat dəymiş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün ödənilmiş 150 manat məbləğin və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011 -ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Füzuli rayonu, Dədəli Ərazi Dairəsi, İşıqlı kəndində qeydiyyatdadır. 98 saylı MKİS tərəfindən verilən arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan Əsədov Ayət ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2020-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2020-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9832 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2020-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 881 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 290 manat 73 qəpik təşkil edir. İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1 -ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı özü qeyd edir ki, ünvan 1 ünvanında yaşayan Əsədov Ayət ilə aralarında bağlanmış müqaviləyə əsasən mənzilə kabel xətti çəkilmiş və xx.xx.2020-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. Sonradan evin sakinləri dəyişmiş və Mustafayeva Rəvanə ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə “üçü birində xidmətinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən mənzilə modem aparatı qoşularaq həm televizor, həm də internetdən istifadə edilmişdir. Bundan sonra həmin mənzil mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə Cavabdehin mülkiyyətinə keçmiş və evin köhnə sakini tərəfindən istifadə edilən internet xətdindən və televizordan o istifadə etmişdir. Əgər həmin ünvana kabel qoşulmuş olsaydı ikinci bir təşkilatın həmin ünvana yenidən qoşulması mümkün olmazdı. Eyni zamanda əgər 2020-ci ildən 2023-cü ilədək həmin ünvana iddiaçı təşkilatın kabeli qoşulmaqla istifadə edilərdisə, bundan onların məlumatı olmalı idi və vaxtında da qanuni tədbir görməli idilər. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə müraciyyət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli qəbz əsasında müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2023-cü il tarixli 9832 saylı aktda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman 49 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı MMC ilə Əsədov Ayət arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2020-ci il tarixədək isə son ödəməsini edərək xx.xx.2020-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsində və arayışda müqavilənin Əsədov Ayətlə bağlanması göstərildiyi, müqavilənin və Cavabdeh İddiaçıya maddi zərər vurmasına dair hər hansı sübutun iddia ərizəsinə əlavə edilmədiyi halda, hazırkı iddia tələbinin hansı əsaslarla Cavabdeh qarşı irəli sürüldüyü iş materiallarından anlaşılmır. Həmçinin Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən iddia tələbininin əsası kimi təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9832 saylı akt birtərəfli qaydada və Cavabdehin xəbərsiz olduğu halda tərtib edildiyi, həmçinin yanakı sübutlarla təsdiq edilmədiyi, bundan başqa, Cavabdeh tərəfindən təqdim olunmuş DƏDRX-dən çıxarış əsasında da müəyyən olunur ki, sözügedən həmin mənzil xx.xx.2022-ci il tarixdə Cavabdehin mülkiyətinə keçmiş, bu hal isə tərtib olunmuş aktın məzmunun tam əksini ifadə etdiyi üçün Məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmasını iddia etsə də və bunu sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübut etməyə çalışsa da, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçının çəkdiyi məhkəmə xərcləri İddiaçının özünə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar