Məhkəmə qərarları › İş №e-2(064)-48/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-48/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-48/2025 20.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4682,69 manat əsas, 941,97 manat faiz, 176 manat cərimə borcu olmaqla, cəmi 5800,66 manat pulun və 80 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 84 ay müddətinə, illik 25% olmaqla 4700 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə teleqram ünvanlayaraq banka olan faiz borcunun silinməsini, əsas borcu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə, illik 25% olmaqla 4700 manat məbləğində kredit vermişdir. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4682,69 manat əsas, 941,97 manat faiz, 176 manat cərimə, olmaqla cəmi borcu vardır. - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən yaranmış cəmi 5800,66 manat borcun 3 gün müddətində qaytarılması tələb edilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Qəbzdən görünür ki, iddiaçı tərəfindən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2545 saylı ekspert rəyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcunun 4376,69 manat, faiz borcunun 1454,05 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 84 ay müddətinə, illik 25% olmaqla 4700 manat məbləğində kredit vermişdir. Cavabdeh kreditin əsas məbləğini və istifadə etdiyi kreditə hesablanmış faizlərlə bərabər hissələrlə ödəməyi vəd etmişdir. Cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. İddiaçı hazırkı tələb üzrə 80 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı cavabdehdən 4682,69 manat əsas, 941,97 manat faiz, 176 manat cərimə borcu olmaqla, cəmi 5800,66 manat pulun tutulmasını tələb etmiş, iddiasını cavabdehin xx.xx.2024cü il tarixə ona iddia edilən miqdarda borcunun yaranması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2024-cü il tarixə əsas borcun 4376,69 manat, faiz borcunun 1454,05 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, xx.xx.2025-ci il tarixli rəylə qismən razılaşır və cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 4376,69 manat əsas borcunun yaranmasının işin hallarına uyğun olduğu nəticəsinə gəlir. Bundan əlavə, göründüyü kimi iddiaçının iddia tələbində faiz borcunun məbləği ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan kredit müqaviləsi üzrə faiz borcuna dair hissəsində ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi faiz borcu üzrə tələb etdiyi məbləğ hissəsində, yəni 941,97 manat təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 4682,69 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 176 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 4376,69 manat, faiz borcunun 941,97 manat faiz borcunun qalması tam təsdiq olunduğundan, həmin borclar və 80 manat dövlət rüsumu ondan iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4376,69 manat, faiz borcunun 941,97 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5418,66 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumuna görə 80 manat iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4376,69 manat, faiz borcunun 941,97 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5418,66 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 80 manat tutularaq İddiaçıSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar