Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-485/2025 17.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdehdən “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2599,66 manat pulun və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 10 mart 2020-ci il tarixli MAS-2272 saylı “Daxili lizinq” müqaviləsinəinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 17 oktyabr 2020-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-2272 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 mart 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Abdullayev öz üzərinə götürmüşdür. 14 noyabr 2020-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-2272 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 mart 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 06 yanvar 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2272 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 mart 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(064)-1306/2023 saylı qətnaməsi ilə (hakim Y.Həşimov) İddiaçı MMC-nin iddası qismən təmin edilərək, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2491.16 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 99- PJ-116 dövlət qeydiyyat nişanlı avtomobil 15 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2599.66 manat ziyan dəymişdir. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili Lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 10 mart 2020-ci il tarixli MAS-2272 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Ə.Əliyevin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18.421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-2272 saylı öhdəliklərin ötürürülməsi müqaviləsi bağlanmış və 10 mart 2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Lakin Cavabdeh müqavilə öhdəliklərini pozaraq onun icrasını lazımınca icra etməmişdir. Füzuli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(064)- 1306/2023 saylı qətnaməsi ilə (hakim Y.Həşimov) İddiaçı MMC-nin iddası qismən təmin edilərək, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2491.16 manat pulun tutulması qət edilmişdir. Qeyd olunanlarla yanaşı İddiaçı Cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” markalı, 99- PJ-116 dövlət qeydiyyat nişanlı avtomobilin 15 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilərək servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə dəymiş ziyanın 2599.66 manat təşkil etdiyini bildirsə də, Məhkəmə qeyd olunanlarla razılaşmayaraq bildirir ki, İddiaçı tərəfindən tələb olunan məbləğ qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 15 oktyabr 2024-cü il tarixli akt əsasında müəyyən olunur ki, Khazar SD” markalı, 99- PJ-116 dövlət qeydiyyat nişanlı avtomobilin 15 oktyabr 2024-cü il tarixdə təhvil-təslimi aparılarkən müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin sağ, sol fara, duman əlehinə sağ, sol işıqlar, kapot, sol qabaq qanad və sağ arxa qapı əzilmiş vəziyyətdə olmuş, nəqliyyat vasitəsi duracağa öz hərəkəti ilə gətirilmiş, həmçinin salonda əlavə əşya (pul, qiymətli əşya və s) aşkar edilməmişdir. Bununla yanaşı ön və arxa buferin rənglənməli olduğu müəyyən edilmişdir. Lakin "xxxx" MMC tərəfindən verilmiş “qüsur aktı”na əsasən müəyyən olunur ki, həmin aktda ön və arxa buferin yenisi ilə əvəz edilməsi göstərilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, ön və arxa buferin yenisi ilə əvəz edilməsinə zərurət olmadığı halda onlar yenisi ilə əvəz edildiyindən, “qüsur akt”ında göstərilmiş olan ön və arxa buferin 265 manat dəyəri İddiaçı tərəfindən tələb olunan 2599.66 manatdan çıxılmalı və yerdə qalan 2334.66 manat Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla və müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində göstərilir ki, təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 46 manat dövlət rüsumunun 41,3 manatın Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 2334,66 manat və ödənilmiş 41,3 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-485/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-485/2025
17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver