Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-49/2024 24.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 15 yanvar 2021-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 5.073,81 manat, kart krediti üzrə 286,41 manat əsas borc, 0,03 manat faiz borcu olmaqla, cəmi 286,44 manat olmaqla, ümumilikdə 5.360,25 manat borcun, ödənilmiş 73,61 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X5 arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli, BPM**********54 №-li tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 5500 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. X2 23 may 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli, 279 nömrəli məktub və 08 dekabr 2021-ci-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan X1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə 5073.81 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 5073.81 manat, kart krediti üzrə 286.41 manat əsas, 0.03 manat faiz borcu olmaqla, cəmi 286.44 manat, ümumilikdə 5360.25 manat borcu qalmışdır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh2 da iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki,aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyənləşir ki, iddiaçı "xxxx" ASC ilə borclu T.Süleymanov arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5.500 manat məbləğində nəğd, eləcə də 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart krediti verilmişdir. Borclu T.Süleymanov 23 may 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 08 dekabr 2021-ci-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Füzuli rayon notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, mərhum T.Süleymanovun qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 hər biri 1/2 hissədə mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Miras əmlak isə 1.760,29 manatdan ibarətdir. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə, yəni 1.760,29 manatla məhdudlaşmışdır. Belə olan halda, cavabdeh-vərəsələrin məsuliyyətləri qəbul etdikləri mirasın həcmi ilə məhdudlaşmaqla hər birindən (1.760,29 manatın 1/2 hissəsi olan 880,14 manat) 880,14 manat tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə iddia tələbini qismən təmin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məsrəflər iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 73,61 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə AR MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 73,65 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 5.360,25 manat : təmin olunmuş hissəsi 1.760,29 manat = 3.04, 73,65 manat : 3.04 = 24,22) 24,22 manat hissəsi iddiaçının xeyrinə cavabdehlərdən tutulmalı, qalan (73,65 – 24,22 = 49,43) 49,43 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Beləliklə də, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 880,14 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə dövlət rüsumuna görə ödənilmiş 73,65 manatın 24,22 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulsun, qalan 49,43 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-49/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-49/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver