Məhkəmə qərarları › İş №e-2(064)-503/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-503/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-503/2025 14.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1983,7 manat əsas, 76,43 manat faiz və 1580,6 manat cərimə borcu olmaqla cəmi 3640,73 manat məbləğində borcun və ödənilmiş 56,41 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1983,7 (min doqquz yüzsəksən üç) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 1983,7 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1551 gün üçün hesablanmış faiz borcu 76.43 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1551 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1580,6 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən şəxsin ölməsini təsdiq edən arayışdan borclu X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəfat etmiş cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün müvafiq notariat ofislərinə sorğular ünvanlanmışdır. X1 adına daşınmaz əmlakın olub-olmaması, həmin əmlakda faktiki yaşayaraq ona sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Füzuli rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X2 adına vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X2 adına Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən ümumi sahəsi 99.02 kvm, yaşayış sahəsi 50.31 kvm olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 01/567 saylı arayışından müəyyən olunur ki, X2 adına olan Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evində onun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Bundan başqa qeyd edilir ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 (X2 hüquqi varisləri) və X7 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1983,7 manat məbləğində kredit borcu, 28,02 manat məbləğində faiz borcu və 1065,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3076,95 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,77 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilərək X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin xx.xx.2021-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, cavabdeh X4 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilərək kredit borcunun cavabdehlər (vərəsələr) Cavabdeh2 və Cavabdeh1 da tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-857/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “X2 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 qarşı rədd edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmçinin o da bildirilir ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İddiaçının nümayəndəsi ərizə ilə Məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş: Cavabdeh1 izahat verərək bildirdi ki, həmin kredit məbləği yoldaşının saflığından istifadə edilərək götürülüb. Belə ki, Sadıqov Anar ödəyəcəyinə söz verdiyi üçün yoldaşı krediti götürüb ona verib. Əvvəl yoldaşı özü ödəyib, lakin sonra xəstələnib, vəfat edib. Hazırda aldığı əmək haqqı 381 manat təşkil edir, gəlini əməliyyat olduğu üçün əlavə kredit götürməyə məcbur olub. Odur ki, borcu ödəməyə maddi imkanı çatmır, həmçinin bildirilir ki, o məbləği özləri xərcləməyib. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 izahat verərək bildirdi ki, sözügedən kredit müqaviləsindən xəbəri olmayıb, yaşı az olub. Hazırda heç yerdə işləmir, borcu ödəməyə gücü çatmır. Odur ki, iddia tləbinin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X6 İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1983,7 manat kredit götürmüşdür. - xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh X9 borc alanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli maliyyə arayışı əsasında müəyyən olunur ki, X2 həmin tarixə 1983,7 manat əsas, 28,02 manat faiz və 1065,23 manat cərimə borcu olmaqla cəmi 3076,95 manat borcu yaranmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışı əsasında müəyyən olunur ki, X2 həmin tarixə 1983,7 manat əsas, 76,43 manat faiz və 1580,6 manat cərimə borcu olmaqla cəmi 3640,73 manat borcu yaranmışdır. - Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Füzuli Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə ölmüş X2 adına vərəsəlik işi açılmamışdır. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, mərhum X2 adına Füzuli rayonunun Horadiz şəhərində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmış və onun mülkiyyətindədir. - Füzuli RİHB Horadiz şəhəri İƏD Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, mərhum X3 məxsus Füzuli rayonunun Horadiz şəhərinin 28 May küçəsində yeləşən evində hazırda arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayırlar. - Füzuli Rayon Məhkəməsinin 2(064)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, cavabdeh X4 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borcun və ödənilmiş 50,77 manat dövlət rüsumunun tutulması, iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-857/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsasında müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi hissəsi ləğv edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında müəyyən olunur ki, birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmalıdır ki, qanuni qüvvəyə minmiş Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsinə əsasən X4 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Ona görə də hazırki işə mahiyyəti üzrə baxılması zamanı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməli, iddia təmin ediləcəyi halda, borcluların mənafeyinin pozulmasının qarşısının alınması məqsədilə qəbul ediləcək qətnamənin Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsi nəzərə alınmaqla icraya yönəldilməsi təmin edilməlidir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə müvafiq olaraq kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəlləsinin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, Məhkəmə iş materialları əsasında müəyyən edir ki, X6 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1983,7 (min doqquz yüzsəksən üç) manat məbləğində kredit götürmüşdür. Eyni zamanda xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh X9 borc alanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra X6 xx.xx.2021-ci il tarixdə ölmüş, bank tərfindən aparılan sorğular nəticəsində müəyyən olunmuşdur ki, mərhum X2 adına vərəsəlik işi açılmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, mərhum X2 adına Füzuli rayonunun Horadiz şəhərində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmış, onun mülkiyyətindədir və mərhum X3 məxsus Füzuli rayonunun Horadiz şəhərinin 28 May küçəsində yeləşən evində hazırda arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayırlar. Məhkəmə Füzuli Rayon Məhkəməsinin 2(064)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edir ki, borcun tutulması cavabdeh X7 münasibətdə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-857/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin hissə dəyişdirilmədən saxlanılmış və hazırda cavabdeh X7 münasibətdə qüvvəyə minmiş qətnamə icraya yönləndirilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə həmin hissədə qətnamə ləğv edilmişdir. İşin araşdırılan halları ilə Məhkəmə müəyyən edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyan X2 mülkiyyətində olan Füzuli rayonunun Horadiz şəhərinin 28 May küçəsində yeləşən evdə yaşamaqla miras qalmış əmlakı birinci növbəli vərəsə kimi faktiki qəbul etmişlər. Belə olan halda Məhkəmə hesab edir ki, İddiaçı – Bank qarşısında mövcud müqavilə əsasında cavabdeh X9 ilə yanaşı mərhum X2 birinci növbəli vərəsələri kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da məsuliyyət daşıyırlar. Tələb olunan borc məbləğində münasibətdə isə Məhkəmə qeyd edir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə ləğv edilmiş hesab edilmiş və qətnamə həmin hissədə qüvvədə saxlanılmışdır. Belə olan halda cərimə və faiz borcların məbləği həmin qətnamə ilə təyin olunmuş məbləğlərə uyğun qəbul edilməlidir. X5 Məhkəməsinin 2(106)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılması zamanı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildiyindən, borcluların mənafeyinin pozulmasının qarşısının alınması məqsədilə qəbul ediləcək qətnamənin Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsi nəzərə alınmaqla icraya yönəldilməsi təmin edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 32,72 manat məbləğində məhkəmə xərci tələbin təmin edilmiş məbləğinə mütənasib olaraq Cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1983,7 manat əsas, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borcun və ödənilmiş 32,72 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamə Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(064)-4/2024 saylı qətnaməsi nəzərə alınmaqla icra edilsin. İddia tələbi qalan hissədən təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar