Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-530/2024 20.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC “Bank Standard” KB (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 1388,16 manat əsas, 125,71 manat faiz, 1157,08 manat cərimə və 433,96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə, 3104,91 manat və ödənilmiş dövlət rüsumuna görə 51,05 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı QSC “Bank Standard” KB tərəfindən illik 28% faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə cavabdeh öhdəliyini icra etməmiş, nəticədə cavabdehin ona yaranmış 1388,16 manat əsas, 125,71 manat faiz, 1157,08 manat cərimə və 433,96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə, 3104,91 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 51,05 manat məbləğində pul ödəmişdir. İddiaçı QSC “Bank Standard” KB-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1xx/xx/117443/15 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə “ QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya illik 28% faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir.. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə Banka 1388,16 manat əsas, 125,71 manat faiz, 1157,08 manat cərimə və 433,96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə, 3104,91 manat borcu mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Yəni iddiaçının birinci dəfə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməsi nəzərə alınsa belə, həmin vaxt artıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə bildirmişdir ki, kredit müqaviləsi üzrə sonuncu dəfə 2016-cı ilin iyul ayında ödəniş etdikdən sonra ona Bankın bağlanması barədə məlumat verilmiş və bildirilmişdir ki, onunla əlaqə saxlanılacaq. Göründüyü kimi, iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə iddia müddətini artıq ötürmüşdür. Belə ki, müqavilə xx.xx.2015-ci il tarixdə 18 ay müddətinə bağlanmışdır. Ondan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2024-cü ilin əvvəlində müraciət etmişdir. Ona görə də hesab edir ki, iddia müddəti tətbiq edilməli və onlara qarşı irəli sürülmüş iddia ərizəsi rədd edilməlidir. Eyni zamanda Cavabdeh iddia müddətinin ötürülməsi barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-530/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-530/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver