Məhkəmə qərarları › İş №e-2(064)-62/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-62/2025

23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-62/2025 23.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid olunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərə görə 11897 manat məbləğində pulun (6000 manat əsas vəsaiti + 4000 manat təmir xərci + 1000 manat təmir avadanlıqlarının dəyəri + 897 manat 3 ay üzrə lombarda kredit ödənişi), gecikdirilmiş vaxt üçün illik beş faizin və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) ilə özünü “makler” kimi tanıdan X1 vasitəsilə tanış olmuşlar. İ.Vəliyev cavabdehin onun qaynanası olduğunu və evini satmaq istədiyini deyib. Bundan sonra cavabdehlə görüşüb danışmışlar. Ona məxsus olduğunu dediyi (qeyd edilən ünvanda tikilən evlərin sənədi yoxdur) Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən evi almaq üçün ümumilikdə 10.000 manat olmaqla, öncə 6000 manat pulu nağd, qalan 4000 manat pulu isə 12 ay ərzində 300 manat olmaqla cavabdehə verməli olduğu barədə onunla şifahi razılıq əldə olunub. Bunun üçün 01 may 2024-cü il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialındakı lombardda qızıl-zinət əşyalarını girov qoyub 36 ay müddətinə 4300 ABŞ dolları (7310 manat) məbləğində kredit götürüb cavabdehə 6000 manat pul vermişdir (girov qoyulmuş qızıl-zinət əşyalarının təhvil-təslim aktının surəti əlavə edilir). 20 may, 20 iyun və 22 iyul tarixləri üzrə lombarda əsas məbləğ və faiz olaraq hər ay üzrə 176 ABŞ dolları pul ödəmişdir (ödəniş cədvəlinin və ödəniş qəbzlərinin surəti əlavə edilir). Cavabdeh ona evin açarını verib. İddiaçı evi öz vəsaiti və təmir avadanlıqları hesabına təmir etmiş (evin təmirdən öncəki vəziyyətini əks etdirən videoçəkiliş olan CD/DVD əlavə edilir). Zəruri tikinti materiallarını da öz vəsaiti hesabına almışdır. Həyəti abadlaşdırmışdır. Ümumilikdə təmir üçün 4000 manat xərc çəkmişdir. Sonradan cavabdehin kürəkəni İ.Vəliyevlə münasibətləri pozulub və cavabdeh ondan əlavə pul tələb edib. Əks halda evi mənə verməyəcəyini bildirib. İddiaçı onun tələbinin əsassız olduğunu və məbləğ barədə öncədən razılığa gəldiklərini bildirib. Buna baxmayaraq, cavabdeh ondan əlavə pul istəyib. O, bununla razılaşmadıqda cavabdeh evin qapısını bağlayaraq onu evə buraxmayıb. Nəticədə həm ona verilməli olan evdən məhrum olmuş, həm də 6000 manat pulu gedib. Üstəlik, təmir üçün 4000 manat xərc çəkmiş və 1000 manat dəyəri olan təmir avadanlıqları həmin evdə qalıb. Lombarda hər ay 176 ABŞ dolları kredit borcu ödəməli olacaq. O, cavabdehdən verdiyi 6000 manat pulun və təmir avadanlıqlarının ona geri qaytarmasını, çəkdiyi xərclərin əvəzini ödəməsini istəmiş, lakin cavabdeh imtina edib. Cavabdehə pul verdiyini və evin təmir xərcini çəkdiyini telefonunda qeydə alınmış, onunla cavabdeh arasında olan danışıq da sübut edir. Danışıqda cavabdeh qeyd etdiklərini etiraf edir (səs yazısı olan CD/DVD və sübutun iş materiallarına əlavə olunması barədə vəsatət əlavə edilir). Bütün bu qeyd etdiklərinə cavabdehin kürəkəni İ.Vəliyev də şahiddir. Cavabdehə pulu onun iştirakı ilə vermişdir. Odur ki, İ.Vəlievin məhkəməyə şahid qismində çağırılıb dindirilməsi təmin edilməlidir (şəxsiyyət vəsiqəsinin surəti və şahid qismində dindirilmə barədə vəsatət əlavə edilir). Cavabdeh nə verdiyi pulu qaytarır, nə də çəkdiyi təmir xərclərinin əvəzini ödəyir, təmir avadanlıqlarını da qaytarmır. Cavabdeh ona 10.000 manatdan çox zərər vurub. Cavabdeh öncədən verdiyi 6000 manat əsas vəsaiti və təmir xərci olaraq 4000 manat pulu, eləcə də təmir avadanlıqlarını, onlar mövcud olmazsa onların dəyəri olan 1000 manat pulu ona ödəməlidir. Bundan başqa, 20 may, 20 iyun və 22 iyul tarixləri üzrə lombarda ödədiyi cəmi 897 manat pulu da (176 ABŞ dolları=299 manat; 299 x 3=897 manat) ona ödəməlidir. Evin təmirdən öncəki vəziyyətini videoçəkiliş olan disklə, təmirdən sonrakı vəziyyətini isə yerində müayinə aparılmaqla müəyyən etmək olar (yerində müayinə aparılması barədə vəsatət əlavə edilir). O, bundan sonra hər ay lombarda 175.55 ABŞ dolları kredit borcu ödəməlidir. 4000 ABŞ dollarından artıq kredit borcu vardır. Onun daimi və rəsmi gəliri yoxdur. Gah qəssab, gah da usta işləyib günəmuzd cüzi gəlir əldə edir. Az gəlirlə həm ailə dolandırmaq, həm də hər ay kreditləri, digər zəruri xərcləri ödəmək qeyrimümkündür. Sonradan ona məlum olub ki, cavabdeh müxtəlif insanlara fazilə borc verir. Cavabdehin qanunsuz əməllərindən başqa şəxslərin də zərər çəkdiyini, ondan başqa şəxsləri də aldadıb onlara qarşı da dələduzluq etdiyini istisna etmək olmaz. Ona görə də o, cavabdehin qanunsuz hərəkətindən 22 iyun 2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinı şikayət etmişdir. Cavabdehlə aralarında olan söhbətin də səs yazısını təqdim etmişdir. Qeyd etdiklərinin hamısına şahid olan İ.Vəliyev polis bölməsində verdiyi izahatında qeyd olunanların hamısını təsdiq edib. Müraciətinə polis bölməsinin 03 iyul 2024-cü il tarixli 58-5/2 B-5953 saylı cavab məktubunda müraciətində göstərdiyi xüsusatların mülki məsələ olduğu və məhkəmədə iddia qaldırmalı olduğu bildirilib (cavab məktubunun surəti əlavə edilir). İddiaçı Məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə müraciyyət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasına şahid qismində dindirilmiş X1 İddiaçının ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Cavabeh qohumudur və İddiaçı ilə Cavabdehi o, tanış edib. Hətta mənzilin təmiri zamanı usta kimi o da işləyib. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli "xxxx" ASC-yə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirlimə və təhvil-təslim aktı və həmin tarixli ödəniş cədvəli əsasında müəyyən olunur ki, Cavabdeh ona məxsus ümumi çəkisi 98,8 qr olan qızıl-zinət əşyalarını lombarda girov qoyaraq 36 ay müddətinə ödəmək şərti ilə 4300 ABŞ dolları məbləğində kredit götürüb. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzləri əsasında müəyyən olunur ki, Cavabdeh müvafiq tarixlərdə "xxxx" ASC-nin hesabına 176 ABŞ dolları kredit ödənişi edib. CD disk əsasında müəyyən edilir ki, Cavabdeh İddiaçıdan 6000 manat məbləğində pul aldığını etiraf etmişdir. AR DİN Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, İddiaçı sözügedən məsələ ilə bağlı İdarəyə müraciətinə cavab olaraq ona göstərilən xüsusatların mülki məsələ olması və bununla əlaqədar olaraq Cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilib. ********** nömrəli mədaxil qəbzi əsasında müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət nəfinə 126,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-62/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparmaq məqsədi ilə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə mütəxəssis rəyinin alınması "xxxx" MMC-yə həvalə edilmiş, mütəxəssis qarşısında “Sumqayıt şəhəri 76-cı məhəllə ünvanında yerləşən mənzilə İddiaçı tərəfindən çəkilmiş ümumi xərcin məbləği və həmin evdə qalan İddiaçı məxsus təmir avadanlıqlarının ümumi dəyəri manatla nə qədər təşkil edir?” sualı qoyulmuşdur. "xxxx" MMC-nin UNİ/İ49-323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında müəyyən olunur ki, Sumqayıt şəhəri 76-cı məhəllə ünvanında yerləşən mənzilə İddiaçı tərəfindən çəkilmiş ümumi xərcin məbləği 1200 manat, həmin evdə qalan İddiaçı məxsus təmir avadanlıqlarının ümumi dəyəri 40 manat təşkil edir. Həmçinin "xxxx" MMCnin müəyyən etdiyi minimum xidmət haqqı cədvəlinə müvafiq olaraq xidmət haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən CD diskdə qeydə alınmış səs yazılarından və görüntülərdən müəyyən olunur ki, İddiaçı Cavabdehə məxsus heç bir hüquqmüəyyənedici sənədi olmayan tikilini satın alaraq ilkin ödəniş kimi 6000 manat məbləğində pul ödəmiş, Cavabdeh tərəfindən yaradılmış maneələr həmin tikilidən istifadəni sonuncu üçün mümkünsüz etmiş, nəticədə Cavabdeh İddiaçının hesabına heç bir qanuni və ya müqavilə əsası olmadan 6000 manat əldə edərək varlanmışdır. Bununla yanaşı, İddiaçının təqdim etdiyi görüntülər və "xxxx" MMC-nin UNİ/İ49-323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında müəyyən olunur ki, Sumqayıt şəhəri 76-cı məhəllə ünvanında yerləşən mənzilə İddiaçı tərəfindən 1200 manat məbləğində təmir xərci çəkilmiş, həmçinin həmin evdə İddiaçıya məxsus 40 manat dəyərində təmir avadanlıqları qalmışdır. Bundan başqa, iddia tələbinin İddiaçının ödədiyi 897 manat lombarda kredit ödənişi hissəsinə münasibət bildirərək Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən göstərilən hissədə tələb müvafiq maddi hüquq normaları ilə düzgün əsaslandırılmadığından, həmçinin Cavabdeh bağlanmış kredit müqaviləsi üzrə tərəf olmadığından, meydana gələn öhdəliklə bağlı Cavabdeh iddia tələbinin İddiaçının ödədiyi 897 manat lombarda kredit ödənişi hissəsinə görə məsuliyyət daşımamalıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edərək gecikdirilmiş vaxt üçün illik beş faiz hissəsinə hüquqi qiymət verərək bildirir ki, Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Plenum qərarının nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İş materiallarından da müəyyən olunur ki, Məhkəməyə İddiaçı tərəfində Cavabdehin əsasız olaraq əldə etdiyi 6000 manatdan gəlir, artım, bəhər və ya sair maddi xeyirin qazanmasını sübut edən hər hansı dəlil təqdim edilməmişdir. Hazırki tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edərək gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edilməsi göründüyü kimi qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 76,68 manat dövlət rüsumunun əvəzinin Cavabdehdən tutulmasını əsaslı hesab edir. Bununla yanaşı aparılmış ekspertiza tədqiqatının 300 (üç yüz) manat dəyəri də Cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, filialın kodu:201296 SWİFT kod: AİİBAZ2XXXX) ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 manat əsas vəsait, 1200 manat təmir xərci, 40 manat təmir avadanlıqlarının dəyəri olmaqla cəmi 7240 manat və ödənilmiş 76,68 dövlət rüsumunun əvəzi alınıb İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, filialın kodu:201296 SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar