Məhkəmə qərarları › İş №e-2(064)-648/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-648/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-648/2025 22.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsində olan ünvan 1 ünvanı üzərində Cavabdehlə yanaşı İddiaçı və onun himayəsində olan 3 azyaşlı uşaqların – xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 4 otaqlı mənzilin 3 otağından yaşamaq və istifadə hüququ bərpa edilməklə İddiaçının azyaşlı uşaqları ilə birlikdə qeyd edilən mənzilə köçürülməsi, mənzildə payının müəyyən edilməsi və Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçının keçmiş qaynanasıdır. Cavabdehin oğlu X9 ilə aralarında qeydə alınmış nikah aktı Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 İddiaçının himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdehin oğlu E.Quluzadə evli olduqları dövrdə İddiaçını onun razılığı ilə rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanında qeydiyyata aldırmış və məcburi köçkün kimi dövlət tərəfindən İddiaçıya müavinət təyin olunmuşdur. Lakin qeyd olunan ünvan işğal altında olduğuna görə İddiaçı xx.xx.2023-cü il tarixədək Cavabdehin ailə üzvi kimi onlarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, N.Tusi adına Pedaqoji Universitetin yataqxanasında yaşamışdır. Cavabdehin oğlu E.Quluzadə ilə birgə nikah dövründə 3 uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına köçmüşlər. Cavabdehin oğlu E.Quluzadə cinayət hadisəsi törətməsi ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır və məhkəmə icraatı davam edir. Cavabdeh həmin dövrdə - 2024-cü ilin may ayının axırlarında onu 3 uşağı ilə birlikdə yaşadıqları mənzildən zorla çıxarmış və mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Halbuki həmin mənzil dövlət tərəfindən Cavabdehlə yanaşı onun və övladlarının da istifadəsinə verilmişdir. Hazırda Cavabdehin hərəkətlərinə görə İddiaçı 3 övladı ilə birlikdə anası X7 məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mənzildə yaşamaq məcburiyyətində qalıb. Başqa yeri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməməsinə dair izahat verərək bildirdi ki, İddiaçı ilə münasibətləri kəskin şəkildə pisləşib, sonuncunun həmin mənzildə yaşaması mümkün deyil. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsindən görünür ki, X9 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 Könül Çapay qızının himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli “azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə”dən görünür ki, bu müqavilə ilə nəzərdə tutulmuş şərtlər daxilində Cavabdeh ailə üzvləri (oğlu X9, gəlini X10, nəvələri X4, X8 və X6) ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə köçürülmüş, həmin ünvanda yerləşən yaşayış sahəsi köçürülənin sahiblik və istifadəsinə verilmişdir. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquqi aktları rəhbər tutaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; İddiaçı ilə Cavabdehin oğlu X9 nikaha daxil olaraq ailə qurmuş, onların xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Tərəflər ünvan 2 ünvanında qeydiyyatda olmaqla məcburi köçkündürlər. xx.xx.2023-cü il tarixli azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqaviləyə əsasən kirayəyə verən ünvan 1 ünvanına dörd otaqlı yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində köçürülənin sahiblik və istifadəsinə verməyi öhdəsinə götürür. Köçürülənin ailə üzvləri oğlu X9, gəlini X10, nəvələri X4, X8 və X3r. İdddiaçı ilə Cavabdehin oğlu E.Quluzadə arasında qeydə alınmış nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə ləğv edilmişdir. İddiaçının himayəsində 3 azyaşlı övladı vardır, əlavə yaşayış yeri yoxdur. Cavabdeh tərəfindən İddiaçı və onun övladlarının sözügedən mənzildə yaşamasına maneələr törədilir, həmin mənzildən istifadə edilməsinə şərait yaradılmır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqları bərabərdir. “Azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə”nin 4.2-ci bəndindən də müəyyən edilir ki, ailə üzvlərinin köçürülənlə bərabər hüquq və vəzifələri vardır. Buna görə də, Cavabdehin İddiaçı və onun övladlarına mənzildən istifadə hüquqlarına maneə yaratmasına heç bir hüquqi əsası yoxdur. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı övladları ilə birlikdə sözügedən mənzilə köçürülməli və Cavabdeh tərəfindən həmin mənzildən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Bununla yanaşı Məhkəmə İddiaçının dörd otaqlı mənzilin üç otağının onun və övladlarının istifadəsinə verilməsinə dair tələbə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı ilə Cavabdehin mübahisəli mənzilə olan hüquqlarının bərabər olmasını nəzərə alaraq iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Həmçinin tələbin həmin mənzillə bağlı payların müəyyən edilməsi hissəsinə də Məhkəmə münasibət bildirərək qeyd edir ki, sözügedən mənzil tərəflərə yalnız istifadə edilməsi üçün verildiyindən, mülkiyyət hüququna əsas verən hallar olmadığından həmin mənzil üzrə payların müəyyən edilməsi mümkünsüzdür. Beləliklə, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülməli və Cavabdeh tərəfindən həmin mənzildən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülsünlər. Cavabdeh İddiaçı və himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən məzildən istifadəsinə olunan maneələr qadağan edilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar