Məhkəmə qərarları › İş №e-2(064)-671/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-671/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-671/2024 22.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 317,60 manat əsas, 38,35 faiz və 47,64 manat cərimə borcu, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 493,48 manat əsas, 58,43 faiz və 24,02 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 1009,92 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 01 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə 600 manat, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə 700 manat məbləğində pul kreditlə vermişdir. İddiaçı həmin kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini tam icra etməmiş, nəticədə cavabdehin ona 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 317,60 manat əsas, 38,35 faiz və 47,64 manat cərimə borcu, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 493,48 manat əsas, 58,43 faiz və 24,02 manat cərimə borcu olmaqla cəmi 979,52 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 01 aprel 2022-ci və 02 iyun 2022-ci il tarixli kredit müqavilələri, ona edilmiş əlavələr, cavabdehin 26 fevral 2024-cü il tarixə olan borcu haqqında maliyyə arayışları, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə hesabladığı 47,64 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi 317,60 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq, 31 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, 30,40 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 30,09 manat hissəsi (979,52 manat (iddia tələbi) : 962,88 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,01; 30,40 manat : 1,01 = 30,09) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 0,31 manat hissəsi (30,40 – 30,09 = 0,31) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 01 aprel 2022-ci və 02 iyun 2022-ci il tarixli kredit müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 317,60 manat əsas, 38,35 faiz və 31 manat cərimə borcu, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 493,48 manat əsas, 58,43 faiz və 24,02 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30,09 manat olmaqla, cəmi 992,97 manat məbləğində pul tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar