Məhkəmə qərarları › İş №e-2(064)-69/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-69/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-69/2024 29.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada 2371,52 manat məbləğində əsas, 79,23 manat məbləğində faiz və 2219,22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4669,97 manat və ödənilmiş 66,7 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022A********** saylı kredit müqaviləsinə əsasən aylıq 0,0833% dərəcəsi olmaqla 60 ay müddətinə 2371,52 manat məbləğində bankdan kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamış, nəticədə, götürdüyü kredit üzrə 2371,52 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit və faiz borcunu iddiaçıya qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 79,23 manat faiz borcu yaranmışdır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Odur ki, hesablanmış cərimə borcu 2219,22 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmən məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Odur ki, iddiaçı həmin borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - Cavabdeh1 iddiaçıdan istehlak məqsədilə aylıq 0,0833% dərəcəsi olmaqla 60 ay müddətinə 2371,52 manat məbləğində bankdan kredit götürmüşdür (xx.xx.2019-cu il tarixli 022A********** nömrəli kredit müqaviləsinin surəti əsasında); - Cavabdeh2 borcun təminatı olaraq öz üzərinə zaminlik öhdəliyi götürmüşdür (xx.xx.2019-cu il tarixli, 022G**********01 nömrəli zaminlik müqaviləsinin surəti əsasında); - Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə 2371,52 manat məbləğində əsas, 79,23 manat məbləğində faiz və 2219,22 manat məbləğində cərimə borcu yaranmışdır (xx.xx.2023-cü il tarixli maliyyə arayışının surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1-ci maddəsinə görə, borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının tələb etdiyi 2219,22 manat cərimə borcu 2371,52 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalı və 230,7 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 66,7 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 66,7 manat dövlət rüsumunun 31,35 manatı iddiaçıya, 35,35 manatı cavabdehə aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2371,52 manat əsas borc, 79,23 manat faiz borcu və 230,7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2681,45 manat və 35,35 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar