Məhkəmə qərarları › İş №e-2(064)-70/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-70/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-70/2024 22.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhəkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 8880,83 manat əsas, 1015,58 manat faiz və 294,84 manat cərimə olmaqla, cəmi 10191,25 manat; - xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kredit müqaviləsi üzrə 497,42 manat əsas, 61,97 manat faiz və 22,26 manat cərimə olmaqla, cəmi 581,65 manat; - ümumilikdə 10772,9 manat və ödənilmiş dövlət rüsumuna görə 122,32 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən, aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan 1119,17 manat ödəniş etmiş və 8880,83 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kart kredit müqaviləsi əsasında aylıq 2,0833% dərəcəsi olmaqla 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 500 (beş yüz) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş 5335********7924 nömrəli ödəniş kartı vasitəsilə verilmişdir. Cavabdeh götürdüyü kart kreditindən 497,42 manat istifadə etmişdir və qaytarmadığından 497,42 manat əsas kredit borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən, aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Borclu, götürdüyü kredit borcundan 1119,17 manat ödəniş etmiş və 8880,83 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kart kredit müqaviləsinə əsasən, aylıq 2,0833% dərəcəsi olmaqla 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 500 (beş yüz) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş 5335********7924 nömrəli ödəniş kartı vasitəsilə verilmişdir. Cavabdeh götürdüyü kart kreditindən 497,42 manat istifadə etmişdir və qaytarmadığından 497,42 manat əsas kredit borcu yaranmışdır Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəliklərinə lazımınca əməl etməmiş və belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da faiz və cərimə borclarının məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıqla cavabdehə müraciət edərək onun banka həmin tarixə 8880,83 manat əsas, 873,37 manat faiz, 243,33 manat cərimə borcu olmaqla, cəmi 9997,53 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq xx.xx.2023-cü il tarixinədək ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, faiz və cərimə borclarının məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğlərə, yəni 873,37 manat faiz borcu və 243,33 manat cərimə borcuna uyğun olaraq nəzərə alınmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 122,32 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122,32 manat dövlət rüsumunun 2,2 manatı iddiaçıya, 120,12 manatı cavabdehə aid edilməlidir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə: - xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 8880,83 manat əsas, 873,37 manat faiz və 243,33 manat cərimə olmaqla, cəmi 9997,53 manat; - xx.xx.2022-ci il tarixli, 056KK**********01 saylı kredit müqaviləsi üzrə 497,42 manat əsas, 61,97 manat faiz və 22,26 manat cərimə olmaqla, cəmi 581,65 manat; - ümumilikdə 10579,18 manat və ödənilmiş dövlət rüsumuna görə 120,12 manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar