Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-788/2024 26.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9400 ABŞ dolları borc məbləğinin və ödənilmiş 138 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təxminən 3 il bundan əvvəl xaricə getmək istəyində olduğu üçün internet vasitəsilə "xxxx" MMC ilə tanış olmuşdur. Həmin MMC-nin direktoru Cavabdeh ilə bir müddət sonra yaxın tanışlıq münasibətləri qurmuş, hətta aralarında dostluq münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin fevral-mart aylarında Cavabdeh iddiaçıdan 2000 (iki min) ABŞ dolları borc istəmişdir. İddiaçı ona köməklik etməyə razılaşmış və 2000 ABŞ dolları məbləğində pulu ona borc vermişdir. Bir müddət sonra (təxminən 1 ay) cavabdeh iddiaçıdan borc aldığı pulu tam məbləğdə qaytarmışdır. Bundan bir müddət sonra, daha dəqiq desək – 23 iyun 2023-cü il tarixdə Cavabdeh iddiaçıdan 10 000 (on min) ABŞ dolları məbləğində pulu borc istədi. 23 iyun 2023-cü il tarixdə iddiaçı Cavabdeh rəhbəri olduğu şirkətin (“greencard.az” "xxxx" MMC-nin) yerləşdiyi, yəni fəaliyyət göstərdiyi yerə - ünvan 1 ünvanda yerləşən “Caspian Plaza”nın binasına gələrək orada cavadehlə görüşüb söhbət edərkən cavabdeh bildirmişdir ki, ona şirkətin fəaliyyəti ilə bağlı təcili 10.000 (on min) ABŞ dolları pul lazımdır və həmin pulu iddiaçıdan borca istəyib. İddiaçı bildirdi ki, işində yaranmış problemlər qısa müddətlidir, ona görə pulu 3 gün ərzində qaytaracaq. Beləliklə onların arasında 23 iyun 2023-cü il tarixdə şifahi razılaşma (borc müqqaviləsi) bağlanmışdır. Şifahi müqaviləyə əsasən Cavabdeh iddiaçıdan 10.000 (on min) ABŞ dolları məbləğində pulu nəğd qaydada almışdır. O, qeyd olunan borc pulu 3 gün ərzində geri qaytarmağı öz öhdəsinə götürmüşdür. 3 gün keçdikdən sonra cavabdeh pulu qaytarmamışdır, davamlı aralarında baş vermiş danışıqlar və yazışmalar zamanı, o cümlədən telefon və “whats app” mobil tətbiqin vasitəsi ilə yazışmalar (səs mesajları) zamanı cavabdeh iddiaçıya hər gün pulu geri qaytarmağı söz versə də, yalnız 3 dəfə, hər birində 200 (iki yüz) ABŞ dolları olmaqla, cəmi 600 (altı yüz) ABŞ dolları məbləğində pulu geri qaytarmış, 9400 (doqquz min dörd yüz) ABŞ dolları məbləğində pulu borclu qalmışdır, yəni əvvəl verdiyi sözünə əməl etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş izahatın surətindən görünür ki, cavabdeh Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinə verdiyi izahatında iddiaçıdan 17000 manat məbləğində borc aldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 139 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu əsasdan çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Qeyd edilməlidir ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə, müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Məhkəmə ilk növbədə, tərəflər arasında “borc” adlandırılan və tələb olunan məbləğ üzrə diqqətə çatdırır ki, MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh edildiyi kimi iddiaçı cavabdehə borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə MM-in 739-cu və 740-cı maddələrinə riayət etmədən vermişdir. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda şərh edilənlərə əsasən cavabdeh iddiaçının hesabına qanuni və hüquqi əsas olmadan varlanmışdır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 138 manatdan ibarətdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, 9400 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş 138 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9400 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş 138 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-788/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-788/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver