Məhkəmə qərarları › İş №e-2(064)-803/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-803/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-803/2025 23.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdeh X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdeh) qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12590,75 manat əsas borcu, vəfat etdiyi tarixə 1,63 faiz borcu olmaqla, cəmi 12592,38 manat borc borc, ödənilmiş 134,11 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Abşeron filialı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE002800415 №li kredit müqaviləsinə əsasən bank tərəfindən X4 48 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə hesablanmaqla, 12800 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Füzuli rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş 12590,75 manat əsas borcu, vəfat etdiyi tarixə 1,63 faiz borcu olmaqla, cəmi 12592,38 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 134,11 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı tam qəbul edərək bildirmişdir ki, mərhum X5 atasıdır, o, bankdan kredit götürmüşdür. O, atasının qanun üzrə vəsəsidir. Maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu tam ödəyə bilmir, lakin borcunu hissə-hissə ödəyəcəkdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı tam qəbul edərək bildirmişdir ki, mərhum X5 onun yoldaşıdır, o, bankdan kredit götürmüşdür. O, atasının qanun üzrə vəsəsidir. Maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu tam ödəyə bilmir, lakin borcunu hissə-hissə ödəyəcəkdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2024-cü il tarixli, CL-EE002800415 №li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 48 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə hesablanmaqla, 12800 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. -ödəniş cədvəlindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək iddiaçı banka hər ay 382,05 manat (sonuncu ay 381,69 manat) borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. -maliyyə arayışından görünür ki, X3 12590.75 manat əsas borcu, vəfat etdiyi tarixə 1,63 faiz borcu olmaqla, cəmi 12592.38 manat borcu vardır. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon notariat kontorunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən Füzuli rayon notariat kontoru tərəfindən X3 adına vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Həmin vərəsələr hər biri miras əmlakdan 1/2 hissədə miras almışdır. Şəhadətnamə verilən miras əmlak: İmişli RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci tarixli AD724070 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2010241G059160 mühərrikin nömrəsi **********2452 və buraxılış ili 1993-cü il olan MERCEDES BENZ 190 MİNİK markalı **-MZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL- EE002800415 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla, 12800 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 12590,75 manat əsas borcu, vəfat etdiyi tarixə 1,63 faiz borcu olmaqla, cəmi 12592,38 manat məbləğində borcu qalmışdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Cavabdeh1 və Cavabdeh2 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X3 qanun üzrə vərəsəsi qismində Cavabdeh1 və Cavabdeh2 tanınmışdır. Cavabdeh1 və Cavabdeh2 qalmış əmlakı, MERCEDES BENZ 190 MİNİK markalı **-MZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini miras kimi qəbul etmişlər. X3 öldüyü zaman Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh1 və Cavabdeh2 onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1 və Cavabdeh2 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 134,11 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12590,75 manat əsas borcu, 1,63 faiz borcu olmaqla, cəmi 12592,38 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 134,11 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar