Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-82/2025 31.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" QSC BOKT-nin cavabdeh İbrahimova (İsmayılova) Ülviyyə Malik qızına qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC BOKT cavabdeh İbrahimova (İsmayılova) Ülviyyə Malik qızına (bundan sonra–cavabdeh) qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 2992,88 (iki min doqquz yüz doxsan iki manat, 88 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın həmçinin ödənilmiş 49,93 (qırx doqquz manat 93 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1123 saylı, 15 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, "xxxx" ASC "Xətai" filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 24-xx.xx.2014-SM58 nömrəli kredit müqaviləsinə əsasən, bank X1 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 25 % illik faiz borcu hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-2480/2021 saylı qətnaməsi ilə İddiaçı QSC cavabdehlər Cavabdeh və X2 müştərək qaydada əsas borc üzrə 9011,21 manat, faiz borcu üzrə 3222,33 manat olmaqla, cəmi 12233,54 manat pul və 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək Cavabdeh əsas borc üzrə 8641,21 (səkkiz min altı yüz qırx bir manat 21 qəpik) manat dəymiş zərər və əldən çıxmış fayda 2992,88 (iki min doqquz yüz doxsan iki manat, 88 qəpik) manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 49,93 manat məbləğində pul ödəmişdir. İddiaçı "xxxx" QSC BOKT-nin nümayəndəsi iddia tələbinin təqiqləşdirliməsi barədə məhkəməyə ərizə verərək qeyd etmişdir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində dəymiş zərər və əldən çıxmış faydanın əhatə etdiyi müddətlər göstərilməmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizənin verilməsi zərurəti yaranmışdır. Odur ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün müqavilə müddəti başa çatan dövrdən yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5%-lə əsas qalıq borca hesablanmış 2992,88 (iki min doqquz yüz doxsan iki manat, 88 qəpik) manat məbləğində dəymiş zərər, həmçinin ödənilmiş 49,93 (qırx doqquz manat 93 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İbrahimova (İsmayılova) Ülviyyə Malik qızı bildirmişdir ki, iddia tələbini qəbul etmədiyini, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(064)-2480/2021 saylı qətnaməsinə əsasən maddi vəziyyəti imkan verdiyi dərəcədə qismən ödənişlər edir. Hazırki tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur, həmçinin hesab edir ki, iddiaçı bunu ilkin iddia tələbini irəli sürdüyü zaman tələb etməli idi. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-2480/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada əsas borc üzrə 9011,21 manat, faiz borcu üzrə 3222,33 manat olmaqla, cəmi 12233,54 manat pul və 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hazırda 2992,88 manat hesablanmış faiz borcu qalmışdır. Həmçinin müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü ildə əsas borc üzrə 100 manat, xx.xx.2023-cü ildə 90 manat, xx.xx.2023-cü ildə 80 manat, xx.xx.2024-cü ildə 100 manat olmaqla, cəmi 370 manat ödəmişdir. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1123 saylı, 15 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. -qəbzdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən 49,93 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -449.1.Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm MMnin 445.7-ci maddəsində müəyyən edilmiş illik beş faiz dərəcəsi, həm də 449.1-ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm MM-in 21.2-ci maddəsinə əsasən Bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn ğhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı 2021-ci il tarixdə borcun tutulmasına dair iddia ilə məhkəməyə müraciət edərkən qeyd edilən dövr üzrə də əldən çıxmış faydanı tələb etməmiş, bununla da zərərin artmasına şərait yaratmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehdən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək 2992,88 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın tutulmasını xahiş edir. Belə ki, işin mahiyyəti üzrə həll edildiyi vaxt həmin dövrdəki qanunvericiliyə əsasən iddiaçı qətnamə çıxarılana kimi iddia tələbini dəyişdirməyə və həcmini artırmağa haqlı olsa da, iddia tələbinin həcmini artırmamış, əldən çıxmış faydanın tutulmasını tələb etməmişdir. Belə olan halda iddiaçının özünün də zərərin artmasına şərait yaratmasını nəzərə alaraq iddia tələbi həmin vaxtadək əldən çıxmış faydanın tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin məsuliyyətinin ölçüsü azaldılmalı, iddia tələbi qətnamənin çıxarıldığı xx.xx.2021-ci il tarixdən iddiaçının tutulmasını tələb etdiyi xx.xx.2024-cü il tarixədək zərərin əvəzi hesabına cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin 5%-i zərərin əvəzi olaraq iddiaçıya ödənilməli, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, qətnamə qəbul edildikdən sonra cavabdeh xx.xx.2023-cü ildə əsas borc üzrə 100 manat, xx.xx.2023-cü ildə 90 manat, xx.xx.2023-cü ildə 80 manat, xx.xx.2024-cü ildə 100 manat olmaqla, cəmi 370 manat icra icraatı qaydasında ödəmişdir. Bununla da, xx.xx.2023-cü il tarixdə cavabdehin 100 manat ödəniş etdiyini nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 434 gün ərzində yaranmış faiz borcu – (9011,21 x 5%=450,56; 450,56:365 gün=1,23; 1,23 x 434gün=533,82 manat) 533,82 manat; xx.xx.2023-cü tarixdə cavabdehin 90 manat ödəniş etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 41 gün ərzində yaranmış faiz borcu – (8911,21 x 5%=445,56; 445,56:365 gün=1,22; 1,22 x 41gün=50,02 manat) 50,02 manat; xx.xx.2023-cü tarixdə cavabdehin 80 manat ödəniş etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 184 gün ərzində yaranmış faiz borcu – (8821,21 x 5%=441,06; 441,06:365 gün=1,20; 1,20 x 184gün=220,8 manat) 220,8 manat; xx.xx.2024-cü tarixdə cavabdehin 100 manat ödəniş etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 146 gün ərzində yaranmış faiz borcu – (8741,21 x 5%=437,06; 437,06:365 gün=1,19; 1,19 x 146gün=173,74 manat) 173,74 manat; xx.xx.2024-cü tarixdən iddiaçının hesablanmış faiz boclarını tələb etdiyi xx.xx.2024-cü il tarixədək (8641,21 x 5%=432,06; 432,06:365 gün=1,18; 1,18 x 47gün=55,46 manat) 55,46 manat olmaqla, cəmi (533,82+50,02+220,8+173,74+55,46=1033,84 manat) 1033,84 manat məbləğində dəymiş zərər və əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49,93 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1033,84 manat məbləğində dəymiş zərər və əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 49,93 manat məbləğində pul tutulub iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İbrahimova (İsmayılova) Ülviyyə Malik qızından 1033,84 (min otuz üç manat səksən dörd qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 49,93 manat məbləğində pul tutulub İddiaçı QSC BOKTna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-82/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-82/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver