Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-824/2025 21.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 7273,63 manat əsas, 2522,95 manat faiz və 2984,83 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1069,59 manat faiz borcu olmaqla, cəmi 13851 manat məbləğində pulun və ödənilmiş 131,55 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 470004317/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış 181/15 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6.399,91 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.40 AZN) 7.696,66 Manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 60 ay olmaqla, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 17 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, 2015-ci il tarixdə İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə 5 il müddətinə qaytarmaq şərti ilə ümumilikdə 5000 manat dollar ekvivalentində kredit götürmüşdür. Müqavilə üzrə təyin olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh2 bütün faiz və cərimə borclarını ödəyib. 2020-ci ildə artıq kredit müqaviləsinin müddəti başa çatıb və Cavabdeh2 bildirir ki, borcları ilə bağlı İddiaçı tərəfindən ona heç bir rəsmi xəbərdarlıq gəlməyib. Qeyd olunanları nəzərə alaraq Cavabdeh2 hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçının nümayəndəsi X2 Cavabdehin ərizəsinə etirazla Məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi xx.xx.2022-ci ildir. Bu isə o deməkdir ki, İddiaçı MM-nin 373.2-ci maddəsinin tələbləri çərçivəsində ən geci xx.xx.2025-ci il tarixədək hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. İddiaçı tərəfindən isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edilmişdir. Belə olan halda iddia müddəti ötürülməmişdir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, hesablanmış faiz borcu ilə razılaşmır. Odur ki, araşdırılmasını xahiş edir. Məhkəmə tərəfindən iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə LPO "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən müqavilənin şərtlərinə müvafiq olaraq hesablanmaqla və hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə əsas, faiz və cərimə borcunun məbləğinin ayrı-ayrılıqda nə qədər təşkil etməsinin müəyyən olunması ilə bağlı məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını qərara alınmış və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2921 nömrəli ekspert rəyi əsasında müəyyən olunur ki, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* saylı əsas kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavənin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə 7342,99 manat əsas, 5139,63 manat faiz borc kimi müəyyən olunmuşdur. Həmçinin aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-ci maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarının nəticə hissəsində göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 İddiaçı qarşısında olan öhdəliyi xx.xx.2022-ci ildə bitir. Lakin İddiaçı öhdəliyin icra müddətinin bitdiyi gündən etibarən 1 il ərzində zamin Cavabdeh1 qarşı tələb irəli sürməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, qanunun tələbinə görə Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Bununla yanaşı Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Məhkəmə hesab edir ki, İddiaçının tələb etdiyi 2984,83 manat dəbbə pulu 7273,63 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdeh2 İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 727,4 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə İddiaçının AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına istinad edərək irəli sürdüyü tələbi də əsaslı hesab edərək qeyd edir ki, tələb həmin hissədə təmin olunmalıdır. Məhkəmə Cavabdeh2 etiraz ərizəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh2 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra restrukturizasiya edilmiş kreditin müddəti 60 ay olmaqla, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlamışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə Məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə, İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etdikdə iddia müddətini ötürməmişdir. Həmçinin Cavabdeh2 kredit müqaviləsi üzrə bütün faiz və cərimə borclarını tam ödədiyini bildirsə də, bunu təsdiqləyən sübutları Məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2921 nömrəli ekspert rəyi əsasında müəyyən olunmuş əsas və faiz məbləğlərinə münasibətdə bildirir ki, ekspert tərəfindən əsas borcun 7342,99 manat, faiz borcunun 5139,63 manat hesablanmasına baxmayaraq İddiaçının iddia ərizəsində daha aşağı məbləğlər - 7273,63 manat əsas və 2522,95 manat faiz borcunu tələb etməsini nəzarə alaraq Məhkəmə hesab edir ki, əsas və faiz borclarının məbləği məhz İddiaçının tələb etdiyi məbləğlərə uyğun olmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə ödənilmiş 110 manat dövlət rüsumunun və həmçinin 150 manat ekspertiza xərcinin əvəzinin də Cavabdeh2 tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 7273,63 manat əsas, 2522,95 manat faiz və 727,4 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1069,59 manat faiz borcu olmaqla, cəmi 11593,57 manat və ödənilmiş 110 manat dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) xeyrinə 150 manat məbləğində ekspertiza xərcinin əvəzi tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-824/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-824/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver