Məhkəmə qərarları › İş №e-2(064)-845/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-845/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-845/2025 03.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən 17640 manat əsas pulun, ödənilmiş 145,92 manat dövlət rüsumunun və 1000 manat vəkil haqqının əvəzinin İddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin mart ayından başlayaraq xeyli müddət tanıdığı Cavabdehlə razılaşaraq birgə iş qurmaq qərarına gəlmişlər. Əvvəl meyvə-tərəvəz mağazası açmaq üçün, sonra isə mağaza binasının icarəyə götürülməsi üçün Cavabdehə 4000 (dörd min) manat, 2000 (iki min) manat, 5000 (beş min) manat və 3000 (üç min) manat olmaqla 14000 (on dörd min) manat pul verib. Bir müddət sonra Cavabdeh ona məxsus bağdan alça məhsulu almış, həmin məhsula görə borcunun bir hissəsini ödəmiş 3640 (üç min altı yüz qırx) manat hissəsini isə ödəməmişdir. Qeyd edilən pulları o, Cavabdehin özünə və arvadına məxsus bank kartlarına ödəyib. Beləliklə, Cavabdehin ona ödəməli olduğu pul 17640 (on yeddi min altı yüz qırx) manat təşkil edir. Həmin puldan Cavabdeh ona heç bir ödəniş etməmiş, dəfələrlə xahiş etməyinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur və o, hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün vaxt və vəsait sərf etmək məcburiyyətində qalaraq xeyli ziyan çəkmişdir. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə bağlı hüquqi yardım üçün vəkilə 1000 (bir min) manat, dövlət rüsumu kimi 145,92 (bir yüz qırx beş manat 92 qəpik) manat pul ödəmişdir. Nəticədə ona 18785,92 (on səkkiz min yeddi yüz səksən beş manat 92 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş CD disk vasitəsilə təqdim olunmuş səs yazıları əsasında öz təsdiqini tapır ki, tərəflər birgə iş qurmaq üçün aralarında razılığa gəliblər və bu məqsədlə İddiaçı Cavabdehin hesabına xx.xx.2022-ci il tarixli qəbz əsasında 3000 manat, 15202 nömrəli qəbz əsasında 2000 manat, 20953 nömrəli qəbz əsasında 4000 manat və 17340 nömrəli qəbz əsasında 5000 manat pul köçürməsi müəyyən edilir. Göründüyü kimi, Cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh də iddia tələbini qəbul etdiyi üçün Məhkəmə hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Aralarında əldə olunmuş razılıq pozulduğu – birgə iş qurulmadığı halda Cavabadeh aldığı cəmi 14000 manat vəsaiti İddiaçıya geri qaytarmamışdır. Bununla yanaşı iş materiallarına əlavə edilmiş əl yazam əsasında müəyyən olunur ki, alça məhsulunun alqı-satqısına görə Cavabdehin İddiaçıya 3640 manat borcu yaranmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı tərəfindən məhkəmə xərci kimi ödənilmiş 145,92 manat dövlət rüsumunun və 1000 manat vəkil haqqının əvəzi də Cavabdehdən tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçının xeyrinə 18640 manat və ödənilmiş 145,92 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar