Məhkəmə qərarları › İş №e-2(064)-868/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-868/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-868/2024 04.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 05 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 19558,78 manat əsas və 1076,80 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 151,91 manat olmaqla, cəmi 20787,49 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 05 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən gündəlik tələbat məqsədilə 71 ay müddətinə, illik 18 faizlə 19558,78 manat məbləğində pulu kreditlə vermiş, həmin müqavilə üzrə borcunu ödəməsi üçün bir neçə dəfə şifahi və yazılı qaydada xəbərdarlıq etsə də, sonuncu öhdəliyini icra etməmişdir. Nəticədə cavabdehin ona həmin müqavilə üzrə 17 aprel 2024-cü il tarixə 19558,78 manat əsas və 1076,80 manat faiz borcu olmaqla, cəmi 20635,58 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 151,91 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəmənin hazırlıq iclasında yazılı və şifahi qaydada verdiyi izahatlarında iddia tələbini tam həcmdə qəbul edib etiraf etdiyini göstərmiş, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 05 dekabr 2023-cü il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, kassa məxaric orderi, cavabdehin 23 aprel 2024-cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə yazılı qaydada göndərdiyi 04 aprel 2024-cü il tarixli bildiriş, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi və xüsusilə də məhkəmə tərəfindən qəbul edilmiş cavabdehin iddia tələbini tam həcmdə etiraf etməsi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 05 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05 dekabr 2023-cü il tarixli krediti müqaviləsi üzrə yaranmış 19558,78 manat əsas və 1076,80 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 151,91 manat olmaqla, cəmi 20787,49 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar