Məhkəmə qərarları › İş №e-2(064)-900/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-900/2025

17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-900/2025 17.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 3762 manat məbləğində dəymiş maddi ziyanın, 400 manat vəkilə ödənilmiş pulun və 57,62 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən idarə edilən ** VB *** nömrə nişanlı Ford markalı avtomobillə ona məxsus ** BN *** dövlət nömrə nişanlı Hundai GETZ markalı avtomobil toqquşmuş və nəticədə ona məxsus avtomobilə 5410 manat maddi zərər dəymişdir. Hadisə ilə bağlı Nərimanov rayon DYPİ-də araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq cavadeh Cavabdeh təqsirli bilinmişdir. Bununla bağlı DYPİ-nin polis kapitanı X2 tərəfindən İXP seriyalı 60699321 saylı xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir ki, protokolun nəticəsində Cavabdeh təqsirli bilinərək onun barəsində TP seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Hadisə nəticəsində ona məxsus avtomobildən başqa X1 mülkiyətində olan ** NT *** markalı avtomobilə də zərər dəymişdir. Avtoqəza zamanı zərərin qiymətləndirilməsi "xxxx" ASC tərəfindən aparılmış və ona məxsus avtomobilə 5410 azn zərər dəydiyi müəyyən edilmişdir. Zərərin 1648 manatı icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən ödənilmiş qalıq 3762 manat isə ödənilməmişdir. Bununla bağlı tərəfindən cavabdehə müvafiq qaydada rəsmi pretenziya ünvanlanmış və əlaqə saxlanılaraq dəfələrlə şifahi şəkildə dəymiş zərərin ödənilməsi tələb edilsə də cavabdeh tərəfindən heç bir müsbət addım atılmamışdır. Ona vurduğu ziyanı könüllü surətdə ödəməsi barədə dəfələrlə bildirilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tələbi ilə razılaşmadığını iddiaçıya dəymiş zərərin başqası tərəfindən vurulduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesbatdan görünür ki, **- BN-*** qeydiyat nişanlı HUNDAİ GETZ markalı avtomobilə 5410 manat zərər dəymişdir. -xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh onun avtomobilinə dəymiş 5410 manat maddi zərərin 1648 manat hissəsini “Paşa Sığorta” tərəfindən ona verimiş, 3762 manatı isə ödənilməmiş qalmışdır. Belə ki, həmin pulu 10 gün ərizində ona ödənilməsini xahiş etmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/M81-411/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “**-BN-*** qeydiyat nişanlı HUNDAİ GETZ” markalı avtomobilə dəymiş zərərin real dəyəri (3655 manat) verilmiş qüsur aktında göstərilən 5410 manat orta bazar qiymətindən artıq hesablanmışdır. HUNDAİ GETZ markalı **-BN-*** qeydiyat nişanlı dövlət qeydiyyat nişanlı minik avtomobilində göstərilən hissələrin (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 3655 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli, Uni/İ 81-411/2025 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 300 manat təşkil edir. -dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 57,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. -1108.3-ci maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. -459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi ** VB *** dövlət qeydiyyat nişanlı Ford markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ** BN *** dövlət qeydiyyat nişanlı Hundai GETZ markalı avtomobilinin zədələnməsi ilə bağlı iddiaçıya zərər dəymişdir. İddiaçı zərərin əvəzi üzrə 3762 manat pulun tutulmasını tələb etmiş, iddiasını cavabdehin törətdiyi nəqliyyat hadisəsi zamanı əmlakına 5410 manat maddi zərər dəyməsi, zərərin 1648 manatının icbari siğorta qaydasında "xxxx" ASC tərəfindən ödənilməsi, zərərin 3762 manatının isə ödənilməmiş qalması ilə əsaslandırmış, dəymiş zərərin 5410 manat olması halının təsdiqi üçün “dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesbat”ı təqdim etmiş, lakin həmin sənədi vermiş şəxsin fəaliyyətinin əsas vəzifəsinin zərərin miqdarının müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik faktiki halların müəyyənləşdirilməsi olması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla “dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesbat”ı vermiş şəxsin fəaliyyətinin əsas vəzifəsinin zərərin miqdarının müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik faktiki halların müəyyənləşdirilməsi olması halı təsdiq edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/M81-411/2025 saylı qiymətləndirmə rəyi ilə isə, HUNDAİ GETZ markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zədələnməsi ilə bağlı iddiaçıya 3655 manat zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə “dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesbat”ı vermiş şəxsin fəaliyyətinin əsas vəzifəsinin zərərin miqdarının müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik faktiki halların müəyyənləşdirilməsi olmasının təsdiq edilmədiyini, "xxxx" MMC-nin isə fəaliyyətinin əsas vəzifəsinin zərərin miqdarının müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik faktiki halların müəyyənləşdirilməsi olmasını nəzərə alaraq, xx.xx.2024-cü il tarixli hesbatı mötəbər sübut saymır və cavabdehin törətdiyi nəqliyyat hadisəsi nəticəsində ona 3655 manat maddi ziyan dəyməsi barədə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/M81-411/2025 saylı qiymətləndirmə rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Beləliklə işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdehin törətdiyi nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 3655 manat maddi ziyan dəymişdir ki, bunun da 1648 manatı siğorta təşkilatı tərəfindən ona ödənilmiş, zərərin 2007 manatı isə ödənilməmiş qalmışdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya dəymiş zərərin 2007 manatının ödənilməmiş qalması tam təsdiq olunduğundan və iddiaçının zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdeh isə yol nəqliyyat hadisəsi törətməsəydi mövcud olacaq vəziyyəti bərpa etməli olduğudan, zərərin əvəzi üzrə 2007 manat ondan iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən (53,34% hissədə) təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş 57,62 manat dövlət rüsumunun 40,07 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 17,55 manat hissəsi isə iddiaçıya aid edilməli, qiymətləndiricinin 300 manat xidmət haqqının 160,02 manatı cavabdehdən, 139,98 manatı isə iddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərc çəkməsi halının təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərc çəkməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə sübutlarla iddiaçının nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərc çəkməsi halı təsdiq edilmədiyindən, eləcə də iddianın qismən təmin edilməsi hər iki tərəfin xeyrinə qətnamə çıxarma xarakteri daşıdığından iddia tələbi 400 manat vəkilə ödənilmiş pulun tutulmasına dair hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2007 (iki min yeddi) manat maddi ziyan və 40,07 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 160,02 manat məbləğində pul Cavabdeh və 139,98 manat məbləğində pul isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 17,55 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar