Məhkəmə qərarları › İş №e-2(064)-94/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-94/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-94/2024 25.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 50810 manat əsas, 8637,7 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 269 manat pulun İddiaçı xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən iddiaçıdan 50810 manat məbləğində borc pul almış və xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - cavabdeh aldığı 50810 manat məbləğində borc pulu xx.xx.2021-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən); - Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, rəhbəri olduğu "Azbiodinamika” MMC ölkə ərazisinə müxtəlif növdə kübrə məhsullarının idxalı, saxlanılması, daxınnıası, satılması fəaliyyəti ilə məxğuldur və buna dair xüsusi razılıq icazəyə (lisenzaya) malikdir. İddiaçı X1 ilk dəfə Bakı 5 saylı ASAN xidmətdə görüb. Onunla heç bir borc və pul barədə razılaşması olmamış və müqaviləni imzalandığı xx.xx.2020-ci ildən sonra onu bir daha görməmişdir. Pulla bağlı məsələ aralarında iş münasibəti olan Elşənlə olmuşdur. Elçin və Sərxan kübrəyə müştəri tapmışdılar. Kübrəni xaricdən gətirmək lazım idi və bunun üçün lisenziya tələb olunur. Ona görə də kübrəni ona məxsus şirkətin üzərindən gətirilməsini xahiş etdilər, o da razılıq verdi. Pulu onlar vuracaqdı, mal onun şirkətinə gəlməli, lakin onlara verilməli idi. Ödədikləri pula da kredit müqaviləsi ona görə tərtib edilib ki, malı götürəndə şirkətə təkrar ödəniş etməsinlər. Qiymət razılaşmasından sonra müəyyənləşdirilən 50.000 manat məbləğin köçürülməsini təşkil edilməsi üçün xx.xx.2020ci il tarixdə Bakı 5 saylı ASAN xidmətdə görüşüblər. Hazırkı iddiaçı Cavidi də ilk dəfə olaraq orda görüb. Elçin bildirib ki, kredit müqaviləsi onun deyil, Cavidin adından bağlanılacaqdır və pulu ona verib getdi. O da, Cavidlə notariata girib, rəsmiləşdirməni tamamlayıb. Adı çəkilən kredit müqaviləsi bağlanılandan sonra pulu aparıb, “Azbiodinamika" MMC-nin Kapital Bankda olan hesabına qoyub və xx.xx.2020-ci il tarixdə adı çəkilən "AKRON" şirkətin hesabına köçürüldü. Lakin "AKRON" şirkətində yaranmış problemlər üzündən malı göndərə bilmədi və pulu da qaytarmasını təmin etmədi. Bununla bağlı mübahisəyə Rusiyanın Voronej şəhərində Abritiraj məhkəməsində baxılır və məhkəmə prosessi hələ davam edir. Bununla yanaşı, həmin pul müqabilində malın vaxtında idxal edilməməsi və pulun geri qaytarılmamasına görə Mərkəzi Bankın vəsatəti əsasında Nərimanov Rayon Məhkəməsinin 3(00xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə şirkətim 10.000 manat civarında (423.050 rubl) cərimə olunmuşdur (iş üzrə Cavabdeh tərəfindən verilmiş etiraza və Nərimanov Rayon Məhkəməsinin 3(005)-81/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surətinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının nəticə hissəsində göstərilir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 50810 manat alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdeh aldığı 50810 manat məbləğində borc pulu xx.xx.2021-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tələb müqaviləyə əsaslandığından bu hissədə tam təmin edilməlidir. Lakin iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edərək özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə tələb etdiyi 8637,7 manat faiz borcunu isə məhkəmə əsassız hesab etmişdir, çünki xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki iş materiallarından göründüyü kimi tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər və kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edən hər hansı sübutetmə vasitəsi təqdim etməmişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə iddia tələbini həmin hissədə təmin etməmişdir. Bundan başqa mülki iş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 269 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddia tələbi qismən təmin olunduğundan dövlət rüsumuna aid hissədə də tələb Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən qismən təmin olunmalıdır. Məhkəmə Cavabdeh iddia ərizəsinə verdiyi etiraza münasibət bildirərək belə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi mübahisələndirilmədiyindən, etiraz ərizəsində göstərilən xüsusatlar hazırki mübahisənin həllinə təsir etməməkdədir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 119.1, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh yaranmış borca görə 50810 manat və 230 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar