Məhkəmə qərarları › İş №e-2(064)-945/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-945/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-945/2023 26.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4.570 manat məbləğində ödənilmiş sığorta ödənişinin və 66,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 03 iyun 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Renault Megane” markalı 99RB317 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 yanvar 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “Volkswagen Touareg” markalı 77CA877 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri Nizami rayon DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkmiş şəxsin avtomobilinin zədələnməsi ilə bağlı 4.570 manat məbləğində sığorta ödənişi verilmişdir. “Renault Megane” markalı 99RB317 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etmişdir. Onların hər ikisi mülki məsuliyyət daşıyırlar. Buna görə də, iddiaçının subroqasiya hüququ müştərək qaydada hər iki cavabdehə qarşı yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş matreallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə tərfindən tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, , "xxxx" ASC-də 03 iyun 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Renault Megane” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 yanvar 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “Volkswagen Touareg” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri Nizami rayon DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkmiş şəxsin avtomobilinin zədələnməsi ilə bağlı 4.570 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçının tələbinə görə, “Renault Megane” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən onların hər ikisi mülki məsuliyyət daşıyırlar. Buna görə də, iddiaçı «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə isnad etməklə müştərək qaydada hər iki cavabdehə qarşı subroqasiya hüququnun yarandığını iddia etmişdir. Lakin məhkəmə iddiaçının bu mülahizələri ilə razılaşmayaraq bildirir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə onu qeyd etməyi lazım bilir ki, yuxarıda isnad olunan Qanunun 25.1.3-cü maddəsi avtomobillərə münasibətdə tətbiq edilərkən «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə olunması ilə bağlı istər nəzəri, istərsə də təcrübi biliklərə malik olmur ki, nəticədə bu cür şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırmış olur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrini idarəetmə hüququndan bəhs edən 33-cü maddəsinin İ hissəsində qeyd edilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 yol nəqliyyat hadisəsini törədərkən icbari qaydada sığortalanmış “Renault Megane” markalı, ** RB *** dövlət nişanlı avtomobili etibarnamə olmadan, lakin sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Bununla yanaşı, məhkəmə həm də onu vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud inzibati qanunvericiliyə görə inzibati məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması isə mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və belə olan halda istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (hazırkı halda avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadəetmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, “Renault Megane” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olsa da Cavabdeh1 həmin avtomobilə sahiblik etməklə idarə etməsi qanuni əsaslarla olmuşdur. Belə ki, Cavabdeh1 qeyd olunan avtomobilə qanunsuz sahiblənməsinə dair rəsmi sübutlara iş materiallarında rast gəlinmir. Belə olan halda, iddiaçının nə Cavabdeh2, nə də digər Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də, iddiaçı "xxxx" ASC-nin subroqasiya qaydasında pul tələbinə dair iddiası əsassız sayılaraq rədd edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar