Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-49/2025 30.07.2025 Mən ‒ Xankəndi Şəhər Məhkəməsinin hakimi Abdullayev İlkin Qismət oğlu iddiaçı “Finca Azerbaijan» MMM QBKT X1-Bank Kredit Təşkilatı (bundan sonra – “Finca Azerbaijan» MMM QBKT MMM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan» MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 462 manat əsas borcun və məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Finca Azerbaijan» MMM QBKT iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli **********0099 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz dərəcəsi hər ay 276 manat ödəməsi şərti ilə 5000 manat məbləğində kredit kartı verilmişdir. Digər Cavabdeh2 ilə eyni tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsi bağlanmış, o, qeyd olunan kredit öhdəliyinin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş, kreditin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına zəmanət vermişdir. Cavabdehlər müvafiq xəbərdarlıqlara baxmayaraq, ödənişləri gecikdirmiş və bu səbəbdən cavabdehlərin banka 462 manat əsas borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir», «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər», «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Mülki-Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Finca Azerbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli **********0099 saylı kredit müqaviləsinə və kredit kartının mədaxil aktına əsasən ona 24 ay müddətinə illik 28 faiz dərəcəsi hər ay 276 manat ödəməsi şərt ilə 5000 manat məbləğində kredit kartı verilmişdir. İş materiallarında olan “Finca Azerbaijan» MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixdə zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçıdan götürülmüş kredit üzrə öhdəliyin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürür, kredit borcunun və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat verir. İş materiallarında olan “Finca Azerbaijan» MMM QBKT tərəfindən verilmiş 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə İddiaçı MMM QBKT-yə 462 manat əsas borcu var. İş materiallarında olan 27 may 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMM QBKT tərəfindən cavabdehlərə borcun qaytarılmasına dair məlumat göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Mülki Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır…». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı qarşısında müvafiq öhdəliyin yerinə yetirilmədiyinə görə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən də iddia müvafiq hissədə tam təmin olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 462 manat əsas borc və məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-49/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-49/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver