Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-89/2025 19.01.2026 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27903,95 manat əsas borc və 2398,52 manat faiz borcu olmaqla, cəmi 30302,47 manat borcun və ödənilmiş 180,91 manat miqdarında dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Elmlər filialı ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2025-ci il tarixli 103807-756167/5 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20,9 faiz dərəcəsi ilə 30000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanan faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcu qaytarmamışdır. Bank bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin 25 noyabr 2025-ci il tarixə İddiaçı ASC-yə 27903,95 manat əsas və 2398,52 manat faiz borcu olmaqla, cəmi 30302,47 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh gəlməmiş, 22 dekabr 2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini, borc məbləğini hissə-hissə ödəməyə razı olduğunun bildirmiş, habelə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2025-ci il tarixli 103807-756167/5 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 20,9 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC-nin Elmlər filialından 30000 manat pul götürmüşdür. İş materiallarına olan 25 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı ASC-yə 27903,95 manat əsas, 2398,52 manat faiz, cəmi 30302,47 manat borcu yaranmışdır. İş materiallarına olan 02 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun qaytarılmasına dair məlumat göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır…». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Mülki Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit məbləğini və ona hesablanmış faizi tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 180,91 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – Mülki Prosessual Məcəllə) 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27903,95 manat əsas borc, 2398,52 manat faiz borcu, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 180,91 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-89/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-89/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver