Məhkəmə qərarları › İş №e-2(066)-228/2024

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(066)-228/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-228/2024 14.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat borc pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur. xx.xx.2020-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndinə cavabdeh onların evinə gəlib bildirmişdir ki, bankdan kredit götürdüyü üçün borcu vardır. Bank onu narahat edir, onu məhkəməyə verəcəklər. Banka olan kredit borcunu bağlamaq üçün ona 1000 ABŞ dolları pul lazımdır. O, bu borcu bağlayıb başqa bankdan kredit götürəcəkdir. O, cavabdehə 1000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh ona söz verib öhdəsinə götürmüşdür ki, kredit borcunu ödəyib yeni kredit götürəcəkdir və onun pulunu tez bir zamanda qaytaracaqdır. 2021-ci ilin fevral ayında cavabdeh ona 1000 manat pul qaytarmış və bildirmişdir ki, qalan 700 manat pulu yaxın vaxtlarda tam verəcəkdir. Cavabdeh sözünün üstündə durmamış, 700 manat qalan borc pulu bu günə kimi ona qaytarıb verməmişdir. Cavadeh ona olan borcunu qaytarmır. Müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh arvadı Leyla ilə birlikdə onun evinə gələrək bankda olan kreditini bağlamaq üçün ondan 1000 ABŞ dolları borc pul istəmişdir. O, Cavabdeh ona verdiyi yalan vədlərə inanaraq 18 mart 2020-ci ildə cavabdehə 1000 ABŞ dollar borc pul vermişdir. O, sözügedən pulu öz oğlu, qızı və həyat yoldaşının yanında vermişdir. Bundan sonra o, cavabdehdən hər dəfə pulunu istəyəndə, cavabdeh onu aldadaraq aldığı pulu qaytarmaqdan boyun qaçırtmışdır. Həmin pulun bir hissəsini, yəni 1000 manatını cavabdehdən hissə-hissə onun pensiya kartından çıxartmışdır. Cavabdeh qalan 700 manatı da tezliklə verəcəyini ona bildirmişdir. Bundan sonra 19 dekabr 2023-cü il tarixdə cavabdehin arvadı Leyla ilə mobil telefonla danışan vaxt yenidən cavabdeh onu aldatmış və qalan 700 manat borcunu tezliklə ödəyəcəyini ona bildirmişdir. Göstərilənlərə əsasən cavabdehdən 700 manat borc məbləğinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdeh 40 ildir onların evinə bir qohum kimi gəlib gedir. Bir neçə il bundan əvvəl cavabdeh həyat yoldaşı ilə onlara gələrək bildirmişdir ki, bankdan pul götürüb deyə bank onu incidir. 1000 ABŞ dolları pul istəmişdir ki, kredit borcunu bağlasın və sonra bankdan götürüb həmin pulu onlara qaytaracaqdır. Bundan bir neçə il keçəndən sonra özləri cavabdehdən verdikləri borc pulu tələb edəndə o, bildirmişdir ki, Bakıya gedib mal gətirib sataraq borcunu qaytaracaqdır. Özü bir dəfə də cavadehi Gəncə şəhərində görmüş və verdikləri pulu ondan tələb etsə də, cavabdeh ona nəlayiq söyüşlər işlədərək onu təhqir etmişdir. Bundan sonra ondan pensiya kartını götürmüşdür ki, borc pulu pensiyası keçən vaxt kartdan götürsün, lakin həmin kartı yoxlayanda kartin bloklanmasını görmüşdür. Yenidən gedib cavabdehdən başqa kart almışdır. Həmin kartdan 1000 manat borcu özləri çıxarmışlar, 700 manat borc isə qalmışdır. Onlar həmin pulu cavabdehə verən vaxt onların yanında oğulları və qızları da olmuşdur. Leyla İlqarın həyat yoldaşıdır. İlqarı tapa bilməyəndən sonra onun həyat yoldaşı Leylaya zəng edib onlara verdikləri pulu istəmişlər. Bu barədə səs yazısı olan diskdə var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 (iddiaçının oğlu) izahatında özünün sement zavodunda fəhlə işləməsini, cavabdehin onun dayısı oğlu olmasını, özünün evdə olduğu vaxt cavabdehin həyat yoldaşı ilə birlikdə onlara gəlib banka borcu olmasını və ona görə də anası Rənadan 1000 ABŞ dolları məbləğində borc pul istəməsini, sonra 2020-ci ildə anası Rənanın cavabdehə 1000 ABŞ dolları məbləğində borc pul verməsini, 1000 ABŞ dollardan cəmi 1000 manatını cavabdehin qaytarmasını, hazırda onun 700 manat borcu qalmasını, bu işlə bağlı atası Tanırverdinin Polis şöbəsinə də müraciət etməsini, borca dair anası ilə cavabdehin həyat yoldaşı Leylanın arasında səs yazısı da olmasını və özünün həmin səs yazısına da qulaq asmasını, cavabdehin 2023-cü ilin dekabr ayında 700 manat borcunu tezliklə qaytarmasına dair söz verməsini, buna baxmayaraq neçə ildir ki, həmin pulu onlara qaytarmamasını bildirdi və qeyd etdiklərini öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MŞS/MT/032/ 2023-01731 nömrəli, 11 dekabr 2023-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə olunan səs yazısını özündə əks etdirən diskdə İddiaçı Cavabdeh həyat yoldaşı Leyla ilə telefon vasitəsi ilə danışan vaxt iddiaçı cavabdehin həyat yoldaşı Leyladan borc pulu az-az qaytarmalarını ona bildirməsini, ürəyində ağrı olmasına görə həmin puldan heç olmasa 200-300 manatını tezliklə ona qaytarmalarını, Leylanın isə iddiaçıya yanvar ayına kimi bankdan pul götürüb borcun hamısını verəcəyini qeyd etməsi, bundan sonra İddiaçı yanvar ayında 700 manatı tam verməsini Leylaya bildirməsi və Leylanın 700 (yeddi yüz) manat məbləğində borcları olmasını İddiaçı etiraf etməsi müəyyən olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Xanlar şəhərində anadan olmuş, Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.1960-cı ildə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 06281201 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid2 xx.xx.1990-cı ildə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə yaxın qohumdur. Onların aralarında olan qohumluq münasibətinə görə cavabdeh həyat yoldaşı Leyla ilə banka olan borcunu ödəmək üçün xx.xx.2020-ci ildə iddiaçının yaşadığı evə getmiş və ondan 1000 ABŞ dolları borc pul istəmiş, həmin pulu tezliklə iddiaçıya qaytaracağını öz öhdəsinə götürmüşdür. Sonra iddiaçı qohumu olan cavabdehlə öz iradələrinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında aralarında şifahi müqavilə bağlamışlar. Bundan sonra iddiaçı cavabdehə öz ailə üzvlərinin yanında 1000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh borc aldığı vaxtdan, yəni 2020-ci ildən halhazıra qədər 4 il ərzində 1000 ABŞ dolları məbləğində puldan cəmi 1000 manat iddiaçıya qaytarmışdır. Bundan əlavə işə əlavə edilmiş diskdə İddiaçı cavabdehin həyat yoldaşı Leyla ilə qeyd olunan borcun iddiaçıya ödənilməsi ilə bağlı mobil telefon vasitəsilə danışıqlar aparmış, Leyla özü 700 (yeddi yüz) manat məbləğində borcları olmasını İddiaçı etiraf etmişdir. Cavabdeh qalıq 700 manat məbləğində pul borcunu da, iddiaçıya qaytarmalı olduğu halda müqavilənin şərtlərini pozaraq iddiaçıya heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər borc məbləğinə dair öz alarında şifahi razılığa gəlmiş, iddiaçı öz üzərinə düşən öhdəliyini yerinə yetirsə də, cavabdeh könüllü olaraq öhdəliyini yerinə tam yetirməmiş və iddiaçıdan aldığı 1000 ABŞ dolları, yəni 1700 manatın cəmi 1000 manatını ona qaytarmış, 700 manat pulu isə qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı olan hazırki borcu 700 (yeddi yüz) manat təşkil edir, iddiaçının və şahid ifadləri ilə cavabdehin iddiaçıdan borc alması öz təsdiqini tapır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation, (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli və Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat pul alınaraq, İddiaçı ödənilsin. Cаvаbdeh qiyabi qətnаmənin оna rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar