Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-389/2025 21.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Acıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8718 (səkkiz min yeddi yüz on səkkiz manat) əsas borcu, 121.35 (bir yüz iyirmi bir manat otuz beş qəpik) faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 788,25 (yeddi yüz səksən səkkiz manat iyirmi beş qəpik) borcu olmaqla, cəmi 9627,60 (doqquz min altı yüz iyirmi yeddi manat altmış qəpik) borcun və iş üzrə ödənilmiş 116,27 (bir yüz on altı manat iyirmi yeddi qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Həsənov Yusif Aloş oğlu arasında bağlanmış 24 Dekabr 2018-cı il tarixli 102MGTK8945741AA nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 27.8 (iyirmi yeddi tam onda səkkiz) faiz dərəcəsi ilə 12.277 (on iki min iki yüz yetmiç yeddi manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İİ № 110247 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh Həsənov Yusif Aloş oğlu 11 sentyabr 2020-ci ildə vəfat etmiş, xx.xx.2021-ci il tarixli 2V-197 nömrəli X4 X2 əsasən Cavabdeh1 və Cavabdeh2 olmaqla onların hər biri miras əmlakdan ½ irs almalıdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-H-21-481/2024 saylı 14 noyabr 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 15 oktyabr 2024-cü il tarixə Həsənov Yusif Aloş oğlunun kredit üzrə cəmi borcu 9.627,60 (doqquz min altı yüz iyirmi yeddi manat 60 qəpik) AZN təşkil edir. Bundan 8.718 (səkkiz minyeddi yüz on səkkiz manat ) AZN əsas, 121,35 (yüz iyrmi bir manat 35 qəpik) AZN faiz və və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 788,25 (yeddi yüz səksən səkkiz manat 25 qəpik) manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaram iş üzrə tərəflər sonuncu məhkəmə iclasına gəlməmişlər, İddiaçı Acıq Səhmdar Cəmiyyəti məhkəməyə elektron ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndələrinin məhkəmə prosesində iştirak edə bilməyəcəyini, göstərilənlərin nəzərə alaraq məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişlər.
4. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə vəsatətlə müraciət edərək, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onların iştirakları olmadan baxılmasını və İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı 9627 manat 60 qəpik pul tələbinə dair iddiasını iddia müddətinin keçməsi əsası ilə eədd edilməsini xahiş etmişdir.
5. Vəsatəti onunla əsaslandırmışdır ki, İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq xx.xx.2018-ci il tarixli, 102MGTK8945741AA saylı kredit müqaviləsi üzrə cavabdehlərdən ümumilikdə 9627 manat 60 qəpik borcun tutulmasını xahiş etmişdir. Bildirir ki, hazırki cavabdehlərə mərhum Həsənov Yusif Aloş oğlundan yeganə miras olaraq 2008-ci il buraxılışlı “DAEWOO NEXİA” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili qalmışdır və həmin avtomobilin də hazırki bazar qiyməti 3700 manat təşkil edir. Cavabdehlərə yuxarıda qeyd etdiyi avtomobildən başqa heç bir dəyərli miras əmlak qalmamışdır. Ona görə də iddia tələbi də həmin məbləğdə olmalıdır. Göründüyü kimi cavavbdehlər mərhum Yusif Həsənovdan yalnız “DAEWOO NEXİA” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini miras olaraq qəbul etmişlər və həmin avtomobilin də hazırki bazar qiyməti 3700 manat təşkil edir. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmaqla müddəti 48 ay müəyyən edilmişdir. Həmin müddət xx.xx.2022-ci il tarixdə bitmişdir və qeyd olunan vaxtdan da 2 il 5 ay keçmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İş materiallarına əlavə edilmiş; - Ləğv prosesində olan İddiaçı ASC ilə Həsənov Yusif Aloş oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 102MGTK8945741AA saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Həsənov Yusif Aloş oğluna 48 ay müddətinə illik 27.8% ödəmək şərti ilə 12277 manat məbləğində kredit verilmişdir. Həsənov Yusif Aloş oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Ləğv prosesində olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Həsənov Yusif Aloş oğlunun Ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, 102MGTK8945741AA saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 8.718 manat əsas, 121.35 manat faiz, 788.25 manat gecikdirilmiş vaxt üçün tələb olunan faiz borcu vardır. - xx.xx.2018-ci il tarixli, 102MGTK8945741AA saylı kredit müqaviləsinə Əlavə olan ödəniş qrafikindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Həsənov Yusif Aloş oğluna 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 12277 manat məbləğində kredit verilmiş, Həsənov Yusif Aloş oğlu xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək həmin məbləği qaytarmasını öhdəsinə götürmüşdür. - AZE seriyalı, 00269627 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Həsənov Yusif Aloş oğlu xx.xx.1948-ci ildə Dağlıq Qarabağ, Xocavənd Qişi kəndində anadan olmuşdur. - Göygöl Rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 283 saylı məktubundan və məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Həsənov Yusif Aloş oğlunun vərəsələri Xanlar 13 saylı Hərbi Şəhərcik, ev 04, mən 09-da qeydiyyatda olan arvadı-Cavabdeh1 və Göygöl 13 saylı Hərbi Şəhərcik, ev 04, mən 09-da qeydiyyatda olan oğlu Cavabdeh2 olmaqla onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AC180442 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XWB3L32BD8A003434, mühərrikin nömrəsi G15MF0230211 və buraxılış ili 2008-ci il olan DAEWOO NEXİA MİNİK markalı 25BG865 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. -Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1dan və Cavabdeh2 bank qarşısında olan gecikdirilmiş borcun 3 gün ərzində qaytarılması və ödənilməsi tələb olunmuşdur, əks təqdirdə ləğv prosesində olan İddiaçı ASC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdar etmişdir. - Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Yusif Aloş oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 09 ayının 15-ci günündə 151 nömrəli qeyd aparılmışdır. - İddia ərizəsindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən 116.27 manat dövlət rüsumu ödənilmişdir.
10. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
11. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
12. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehlərin vəsatəti nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
15. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
17. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
18. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
19. Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən ilk olaraq, cavabdehlərin iddia müddətinin tətbiqinə dair vəsatətinə münasibətdə qeyd edir ki, hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, Həsənov Yusif Aloş oğlu ilə bank arasında bağlanmış müqavilə 48 ay müddətinə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Həsənov Yusif Aloş oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliklər şəxsin vərəsələrinin müəyyən edilməsinədək dayandırılmış hesab edildiyindən, həmin müqavilə üzrə öhdəliyin yenidən davam etdirilməsi xx.xx.2021-ci il tarixədək dayandırılmış hesab olunur. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması və iddia müddətinin tətbiq edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülmədiyi müəyyən edilmişdir.
20. Odur ki, hazırda iddiaçı tərəfindən məhkəmə yönəlmiş iddia tələbinə iddia müddətinin tətbiq edilməməli, tələbə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə araşdırması aparılmalıdır.
21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən X4 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. - 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, Həsənov Yusif Aloş oğlunun vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakı qəbul etdiklərindən onlar, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Cavabdehlər mirası qəbul etdiyindən, mərhumun öhdəliyi üçün öz paylarına mütənasib olaraq məsuliyyət daşıdıqlarından iddia tələbi Həsənov Yusif Aloş oğlunun xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış borcunun cavabdehlərdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
26. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
27. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş mövqe də nəzərə alınmaqla, iddia tələbi gecikdirilmiş vaxt üçün tələb edilən beş faiz pulun cavabdehlərdən tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
28. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
30. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunu ödəməlidir.
31. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hall yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır.
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Həsənov Yusif Aloş oğlunun İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, 102MGTK8945741AA nömrəli kredit müqaviləsi üzrə borclu olduğu pul onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.718 manat əsas, 121.35 manat faiz borcu, həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 788,25 (yeddi yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində pul olmaqla cəmi 9627.60 (doqquz min altı yüz iyirmi yeddi manat, altmış qəpik) manat borc məbləği İddiaçı ASC-in hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 116.27 (bir yüz on altı manat, iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq
qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.718 manat əsas, 121.35 manat faiz borcu, həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 788,25 (yeddi yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində pul olmaqla cəmi 9627.60 (doqquz min altı yüz iyirmi yeddi manat, altmış qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 116.27 (bir yüz on altı manat, iyirmi yeddi qəpik) manat İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev