Məhkəmə qərarları › İş №e-2(066)-591/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-591/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-591/2025 25.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra– İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3278,14 manat əsas borc, 4,0 manat faiz borcu olmaqla, cəmi 3282,14 manat (üç min iki yüz səksən iki manat, on dörd qəpik) manat borcun və ödənilmiş 52,08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 05 dekabr 2017-ci il tarixli, S-FK-GEN-171 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 9954,23 manat (əsas borc 7788.23 manat; faiz borcu 2166.00 manat) məbləğində borcu olmuşdur. Sonradan, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında 28 oktyabr 2020-ci il tarixli ABB044 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC borclu Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7698.23 manat qalıq məbləğini ödəməsi məqsədilə borcluya 7698.23 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında 28 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin Restrukturizasiya müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 İddiaçı QSC-yə 3278,14 manat əsas borc, 4,0 manat faiz borcu olmaqla, cəmi borcu 3282,14 manat ( üç min iki yüz səksən iki manat, on dörd qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (zamin) dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Restrukturizasiya müqaviləsinə əsasən borcalan bu müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Eyni zamanda, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC “Gəncə” filialının məxaric orderindən görünür ki, Cavabdeh1 hesabına 9888 (doqquz min səkkiz yüz səksən səkkiz) manad məbləğində pul (kredit) köçürülmüşdür. 05 dekabr 2017-ci il tarixli, S-FK-GEN-171 saylı təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn cəmi 9954,23 (doqquz min doqquz yüz əlli dörd manat iyirmi üç qəpik) problemli kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-yə təhvil verilmişdir. Aqrarkredit” QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli ABB044 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT borclu Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7698.23 manat qalıq məbləğini ödəməsi məqsədilə borcluya 7698.23 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Restrukturizasiya Müqaviləsi üzrə borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, borclu Cavabdeh1 İddiaçı QSC BOKT-a 13 mart 2025-ci il tarixə 3278,14 manat əsas borc, 4,0 manat faiz borcu olmaqla, ümumilikdə 3282,14 manat (üç min iki yüz səksən iki manat on dörd qəpik) manat borcu yaranmışdır. 03 mart 2025-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiçı İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1985-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə tələb qanuni əsaslarla iddiaçıya güzəşt edildiyindən iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, 05 dekabr 2017ci il tarixli, S-FK-GEN-171 saylı təhvil-təslim aktı ilə Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn cəmi 9954,23 (doqquz min doqquz yüz əlli dörd manat iyirmi üç qəpik) problemli kredit borcu üzrə tələb hüququ İddiaçı QSC-yə təhvil verilmişdir. Bundan sonra Aqrarkredit” QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli ABB044 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya” müqaviləsi ilə İddiaçı QSC BOKT borclu Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7698.23 manat qalıq məbləğini ödəməsi məqsədilə borcluya 7698.23 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsi ilə Restrukturizasiya Müqaviləsi üzrə borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borclu müqavilə üzrə öhdəliyini lazımı qaydada icra etmədiyindən İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 oktyabr 2020-ci il tarixli ABB044 saylı kredit müqaviləsinə əsasən 3278,14 manat əsas borc, 4 manat faiz borcu olmaqla, cəmi 3282,14 manat (üç min iki yüz səksən iki manat on dörd qəpik) manat məbləğində pul tutularaq iddiаçı İddiaçı QSC BOKT-a ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 52.08 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 52.08 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 52.08 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 oktyabr 2020-ci il tarixli ABB044 saylı kredit müqaviləsinə əsasən 3278,14 manat əsas borc, 4 manat faiz borcu olmaqla, cəmi 3282,14 manat (üç min iki yüz səksən iki manat on dörd qəpik) manat məbləğində borc pul və məhkəmə xərci qismində ödənilmiş 52.08 (əlli iki manat səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-591/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:10-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:20-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar