Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-594/2025 21.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9445 (doqquz min dörd yüz qırx beş) manat pulun, 115 (bir yüz on beş) manat dövlət rüsumunun və 500 (beş yüz) manat vəkil xidmət haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, Cavabdeh təxminən 4 ildir tanıyır. Belə ki, onunla aralarında ticarət münasibətləri olmaqla alver etmişlər. 2022-ci ilin avqust ayında o öz əkin sahəsindən və başqa kənd sakinlərindən qırmızı moruq giləmeyvəsi alaraq Cavabdeh nisyə satmışdır. Cavabdeh isə həmin qırmızı moruğu Bakı şəhərinə apararaq, orada satmışdır. İlqarın ondan 2022-ci ilin avqust ayında hissə-hissə nisyə aldığı qırmızı moruğun ümumi dəyəri 5700 manat olmuşdur. İlqar məhsulu satdıqdan sonra hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmamışdır. Həmçinin 2022-ci ilin avqust ayında ondan nisyə qırmızı moruq alıb Bakı şəhərinə apardıqdan bir neçə gün sonra onun yanına gələrək Bakı şəhərində əlavə iş qurmaq istədiyini, bunun üçün obyekt almaq lazım olduğunu bildirmiş və ondan borc pul istəmişdir. O quracağı işdən gələn gəlirdən onada verəcəyini vəd etmişdir. O, İlqara 2000 manat borc pul vermişdir. Bundan bir neçə gün sonra cavabdeh təkrar onun yanına gələrək, obyekt almaq üçün ona əlavə 2500 manat pul lazım olduğunu bildirmiş və ona borc pul verməyini xahiş etmişdir. O, cavabdehə inanaraq yenidən ona 2500 manat borc pul vermişdir. Beləliklə, cavabdehin ümumilikdə ona 10200 (on min iki yüz) manat borcu yaranmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan borc aldığı 4500 manatı şəxsi maraqları üçün xərcləmiş, heç bir obyekt almamışdır. Cavabdeh sonradan ona olan borcunu ödəməkdən imtina etmişdir. O dəfələrlə müraciət etdikdən sonra cavabdeh ona olan borcundan hissə-hissə 755 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 9445 manat borcu qalmışdır. Cavabdeh həmin borcunu ödəməkdən boyun qaçırdığına görə DİN-in 102 xidmətinə müraciət etməli olmuşdur. Şəmkir RPŞ-də Cavabdeh verdiyi izahatında da ona borcunun olduğunu etiraf etmişdir. Lakin, bütün bunlara baxmayaraq, İlqar ona olan borcunu qaytarmaqdan imtina edir. Hazırda Cavabdeh 9445 manat borcu var və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəməyə müraciət etmək üçün 115 (bir yüz on beş) manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 500 manat pul ödəmişdir. Cavabdehin hərəkətləri nəticəsində o xərcə düşmüşdür. Ona görə də ödədiyi dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödədiyi xərcin də cavabdehdən tutulmasını istəyir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı ilə Cavabdeh dörd ildirki tanışdılar. İddiaçı Şəmkir rayonunun Seyfəli kəndində yaşayır və əkinçiliklə məşğul olur. Həmçinin həmin kənddə olan digər kənd sakinlərdə əkinçiliklə məşğul olurlar. İddiaçı Cavabdeh ilə tanış olduğu vaxtdan kənd sakinlərindən mal götürüb satması üçün İlqara vermişdir. Sonuncu dəfə 2022-ci ilin avqust ayında Rafiq özünün və kənd sakinlərinin əkin sahələrindən qırmızı moruq giləmeyvəsi götürərək İlqara satmışdır. Rafiq kənd sakinlərinin pulunu vermiş, ancaq İlqara nisyə satmışdır. İlqar ona qırmızı moruğu aparıb satıb pulunun gətirib verəcəyini bildirmişdir. Həmin vaxt Rafiq İlqara 5700 manat dəyərində mal vermişdir. İlqar bir neçə gün sonra qayıdıb aralarında olan etibardan istifadə edərək Rafiqə Bakı şəhərində obyekt görməsini və həmin obyekti alıb iş qurmaq üçün ona 2000 manat borca pul verməsini istəmişdir. Rafiq həmin vaxt İlqara 2000 manat borca pul vermişdir. Bir neçə gün sonra İlqar təkrar gəlib ondan 2500 manat borca pul amışdır. Aralarında 4500 manat borc pulla bağlı, 5700 manat isə moruqla bağlı borc yaranmışdır. Cavabdeh hissə-hissə olmaqla iddiaçıya borcundan 755 manat ödəmiş, 9445 manat borcu qalmışdır. Sonradan cavabdeh borcu ödəməkdən yayındığından iddiaçı Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatındada borcunu etiraf etmiş, lakin, yenə də iddiaçıya borcunu ödəmədiyindən onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdehin iddiaçıya borclu olduğu 9445 manat borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq 500 manat pulun cavabdehdan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
5. Məhkəmənin hazırlıq iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Onlar Bakı şəhərinə 5700 manat dəyərində mal göndərməmişlər, belə ki iddiaçı ilə şərik işləmişlər. Onlar iddiaçı ilə şərik işləmişlər, 15 gün müddətidə Bakı şəhərinə mal göndərmişlər və qazancını 100-120 manat olmaqla bölmüşlər. Malı Bakı şəhərinə meyvəliyə Adil adında şəxsə göndərmişlər, lakin yağış yağdığına görə mal yağışdı olmuş, Bakı şəhərinə çatdıqdan sonra malı onun üstünə geri qaytarmışlar. Həmin malın şəkilləridə olmuşdur. Həmin malı Rafiqə qaytarmaq istədikdə Rafiq istəməmişdir. Mal xarab olduğundan onu Topalhəsənli çayına atmışdır. Həmin malın dəyəri 2500 manat olmuşdur. Əlavə olaraq bildirdi ki, onlar birlikdə təqribən 2500 manatlıq mal göndərmişlər. O, İddiaçı 4500 manat borca pul almışdır. Malı kənd cahamatından Rafiq məhlələrinə toplamış, o isə Bakı şəhərinə göndərmişdir. Belə ki, Bakı şəhərində olan Adil adlı şəxs onu tanımış, Adil malı satdıqdan sonra pulunu ona göndərmiş, bundan sonra isə o, Rafiqgilə gedib pulunu bölmüşlər. Malı o, sprinter markalı avtomobil ilə göndərmişdir. Rafiq moruğu kənd cahamatından yığmış və malın dəyərini Rafiq vermişdir. Onun İddiaçı 4500 manat borc almış və həmin məbləğdə borcu vardır. O, Rafiqlə şərik işləmiş və mal batmışdır. O həmin malın pulunu niyə tam ödəməlidir. Bu yaxından Rafiqə olan borcundan 1000 manat ödəmək istəmiş, lakin Rafiq qəbul etməmişdir. O, Rafiqlə şərikli işləyərkən mal alanda pul qoymamışdır. Rafiqə mal yığması üçün pul verməmişdir. Rafiq kənd cahamatından mal yığaraq qapısına toplamış, o isə Bakı şəhərinə göndərmişdir. Hər yeşikdə 0.80-1 manat gəlir qalmış, onlar bu qaydada 20-25 gün işləmiş, gələn pulla malın dəyərini ödədikdən sonra geri qalan pulu bölmüşlər. Rafiqin satası yeri olmadığından o pul qoymasada onunla şərik işləmişdir. Xarab olan malı Bakıdan geri qaytarmışlar. Həmin mal Rafiqin qapsından yığılsa da malı o Bakı şəhərinə göndərdiyindən xarab olan mal ona qayıtmış, o Rafiqə malı qaytarmasını bildirdikdə Rafiq qəbul etməmişdir. Bakı şəhərinə təxminən 2 dəfəyə moruq göndərilmiş və həmin malın dəyəri təxminən 4000 manat olmuşdur. Polisdə 5700 manat dəyərində mal göndərilməsini yazmışdır. Onun haqq hesab kitabı var, lakin həmin dəftərdə Rafiq imza etməmişdir. Bu hadisə 2022-ci ildə baş vermişdir. O, borcdan Rafiqə 1000 manat vermək istəsə də Rafiq qəbul etməmiş pulun tam şəkildə verilməsini istəmişdir. Həmçinin o aylıq 300-500 manat ödəmək istəsə də Rafiq qəbul etməyərək, pulunun tam şəkildə verilməsini istəmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İş materiallarına əlavə edilmiş; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və tərəflər arasında yaranmış mülkü mübahisənin həlli ilə əlaqədar məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə verilmiş izahatda Cavabdeh İddiaçı aldığı qırmızı moruğa görə 5700 manat, borc aldığı pula görə isə 4500 manat olmaqla ümumilikdə 10200 manat məbləğində borcunun olmasını və həmin puldan 750 manatını qaytarmasını etiraf etmişdir.
8. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
9. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
10. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
11. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
12. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
16. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
17. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
18. İddiaçı cavabdehə 5700 manat dəyərində nisyə mal və 4500 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, həmin məbləğdə pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.
19. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fiziki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.
20. Hazırkı mübahisədə də, İddiaçı Cavabdeh satması üçün nisyə 5700 manat dəyərində qırmızı moruq və 4500 manat borc verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 5700 manat dəyərində qırmızı moruq və 4500 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. İddiaçı Cavabdeh satması üçün nisyə 5700 manat dəyərində qırmızı moruq və 4500 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sübutlar (iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə verilmiş izahat) iddiaçı tərəfindən işə əlavə edilmişdir.
21. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh satması üçün nisyə 5700 manat dəyərində qırmızı moruq və 4500 manat borca pul vermiş və bu zaman aralarında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh iddiaçıya olan borcunu geri qaytarmadığı üçün, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 9445 (doqquz min dörd yüz qırx beş) manat pulunun və ödəmiş olduğu 115 manat dövlət rüsumunun və 500 manat vəkil xidmət haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə cavabdehin Şəmkir Rayon Polis Şöbəsində verdiyi izahatı elan edilmiş və həmin izahatda cavabdehin iddiaçıdan 5700 manat məbləğində mal almasını və 4500 manat məbləğində borca pulu aldığını, daha sonra isə borcundan 750 manatını ödəməsini etiraf etməsi qeyd edilmişdir. Bununla da, Cavabdeh İddiaçı 9445 manat borclu olması öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh məhkəmə hazırlıq iclasında İddiaçı 4500 manat borc almış və həmin məbləğdə borcu olmasını, həmçinin Bakı şəhərinə 2 dəfə moruq göndərilməsini və həmin malın dəyərinin təxminən 4000 manat olmasını bildirsədə bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh moruq məhsulunu nisyə satması, nəticədə cavabdehin iddiaçıya 5700 manat alınmış məhsulun dəyərindən borcunun olması öz təsdiqini tapır.
23. Həmçinin məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 4500 manat məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə, 5700 manat dəyərində moruq məhsulunu nisyə satılması nəticədə iddiaçının pula olan mülkiyyət hüququ faktiki olaraq cavabdehə keçmişdir.
24. İddiaçı Cavabdeh 4500 manat məbləğində borc pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
25. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
26. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 4500 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 4500 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründüyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 4500 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
27. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.
28. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.
29. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
30. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi 4500 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, iddiaçı cavabdehdən verdiyi pulu geri qaytarılmasını tələb edə bilər.
31. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi, yəni cavabdehə borc qismində verilmiş 4500 manat pulun tələb edilməsi tam əsaslıdır.
32. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 9445 (doqquz min dörd yüz qırx beş) manat məbləğində borc pul tutularaq, İddiaçı ödənilməlidir.
34. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəf hesab olunur.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
37. İşdə olan 11 mart 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı vəkil xidmət haqqı üçün 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir.
38. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia tələbi üzrə iddiaçı 115 manat dövlət rüsumu ödəmişdir.
39. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 115 manat dövlət rüsumu və 500 manat vəkilə ödənilmiş xidmət haqqından ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan 500 (beş yüz) manat vəkilə ödənilmiş məbləğ, 115 (bir yüz on beş) manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməlidir.
V. Nəticə:
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 9445 (doqquz min dörd yüz qırx beş) manat borc məbləği, məhkəmə xərci vəkil xidmət haqqı 500 (beş yüz) manat və 115 (bir yüz on beş) manat dövlət rüsumu olmaqla ümumilikdə 10060 (on min altmış) manat pul tutularaq, İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev