Məhkəmə qərarları › İş №e-2(066)-633/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-633/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-633/2025 16.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1716,5 manat əsas, 150,73 manat faiz, 3,15 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1870,38 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 39,11 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixində illik 26,5 % ödəmək şərtilə 1820 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X2 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 mart 2025 tarixinə "xxxx" KB ASC-yə 1716,5 manat əsas, 150,73 manat faiz, 3,15 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 1870,38 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək göstərdi ki, işlədiyi üçün yoldaşı onun adına kredit götürüb sonra onu xeyli borc içində qoyaraq çıxıb getmişdir. 1900 manat kredit, həmçinin 100 manatlıq kredit kartı götürülüb. Kartın faiz ödənişlərini edir. Bank əməkdaşı ilə danışıb razılaşaraq, hər ay əmək haqqı aldıqda 50 manat ödəniş edir. Hər ayın 5-də ödənişlər edir. Unibankdan əlavə, Expressbank və Kontakthoma borcu olduğu üçün az-az ödənişlər edir. İddianın təmin edilməsinə etiraz yoxdur. Hər ay əmək haqqı aldıqca hissə-hissə ödənişlər edəcəkdir. Məhkəmə iş üzrə cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün illik 26,5% ödəmək şərtilə 1820 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 14 mart 2025-ci il tarixinə 3619nkGNDJb/24 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1716,5 (bir min yeddi yüz on altı manat əlli qəpik) manat əsas, 150,73 (bir yüz əlli manat yetmiş üç qəpik) manat faiz, 3,15 (üç manat on beş qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1870,38 (bir min səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 03 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AZE seriyalı 04925016 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh xx.xx.1988-ci ildə Ucar rayonu Müsüşlü kəndində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 26,5% ödəmək şərtilə 1820 manat məbləğində kredit verilmişdir. X2 5.1-ci bəndinə əsasən Bank müştərinin ödəniş kartına xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1716,5 (bir min yeddi yüz on altı manat əlli qəpik) manat əsas, 150,73 (bir yüz əlli manat yetmiş üç qəpik) manat faiz, 3,15 (üç manat on beş qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 1870,38 (bir min səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas, faiz və cərimə borcunun tamamını cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1716,5 (bir min yeddi yüz on altı manat əlli qəpik) manat əsas, 150,73 (bir yüz əlli manat yetmiş üç qəpik) manat faiz, 3,15 (üç manat on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1870,38 (bir min səkkiz yüz yetmiş manat otuz səkkiz qəpik) manat borc pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 39,11 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 39,11 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1716.5 manat əsas, 150.73 manat faiz, 3.15 manat cərimə borcu olmaqla, cəmi 1870.38 (bir min səkkiz yüz yetmiş manat, otuz səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 39.11 (otuz doqquz manat, on bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X3” ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar