Məhkəmə qərarları › İş №e-2(066)-678/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-678/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-678/2025 14.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 7425.92 (yeddi min dörd yüz iyirmi beş manat 92 qəpik) manat əsas, 776.33 (yeddi yüz yetmiş altı manat 33 qəpik) manat faiz borcu və 200 (iki yüz) manat olmaqla cəmi 8402.25 (səkkiz min dörd yüz iki manat 25 qəpik) manat kredit borcun və 104.10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024-cü il tarixli BAKU1-47187-4004 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 27% faiz olmaqla 36 ay müddətinə 8000.00 (səkkiz min) manat kredit istehlak kreditləri üzrə yenidən maliyyələşdirilməsi və şəxsi istifadə məqsədi ilə verilmiş və kreditin aylıq 328.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. X3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 02 aprel 2025-ci il tarixinə kredit üzrə 671.36 (altı yüz yetmiş bir) manat əsas borc, 787.02 (yeddi yüz səksən yeddi) manat cari faiz borcu və 462.07 (dörd yüz altmış iki) manat cari dəbbə borcu olmaqla, cəmi 1920.45 manat məbləğində borc yaranmış və ödənilməmişdir. İddiaçı xəbərdarlıq ərizəsi göndərərək kreditin xx.xx.2025-ci il tarixindən müqaviləyə xitam vermişdir. Cavabdehin qalıq əsas borcu 7425.92 (yeddi min dörd yüz iyirmi beş) manat təşkil edir. Kredit müqaviləsinin 3.1.4.7-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit muqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. İddiaçı "xxxx"-nın nümayəndəsi X1 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BAKU1-47187-4004 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BAKU1-47187-4004 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, "xxxx" tərəfindən Cavabdeh illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək həmin məbləği qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, BAKU1-47187-4004 saylı kredit müqaviləsinə əsasən 7425,92 manat əsas, 776,33 manat faiz, 448,63 manat cərimə borcu olmaqla, cəmi 8650,88 (səkkiz min altı yüz əlli manat səksən səkkiz qəpik) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, BAKU1-47187- 4004 saylı kredit müqaviləsinə əsasən 7425,92 manat əsas, 776,33 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 8402,25 (səkkiz min dörd yüz iki manat, iyirmi beş qəpik) manat borc vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 104.10 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 104.10 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 7425,92 manat əsas, 776,33 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 8402,25 (səkkiz min dörd yüz iki manat, iyirmi beş qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 104.10 (bir yüz dörd manat, on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx"MMC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar