Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-691/2025 08.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9433 manat əsas, 1135 manat faiz, 140.28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 10709.12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 122,53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək, illik 20% ödəmək şərtilə 9433 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 03 aprel 2025 tarixinə "xxxx" KB ASC-yə 9433 AZN əsas, 1135.84 AZN faiz, 140.28 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10709.12 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək göstərdi ki, özü Qarabağ qazisidir. 2022-ci ildə 5 illik ona pensiya təyin edilmişdir. 1026 manat pensiya alırdı. Əsassız olaraq sonradan pensiyası dayandırılmışdır. Əslində aldığı pensiyaya arxeyin olub bankdan kredit götürmüşdür. 1 il 2 aydır ki, pensiyası dayanıb. Ancaq 80 manat veteran pulu alır. Bununla bağlı Pensiya Fonduna müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən pensiyasının bərpa olunmasına görə İnzibati Məhkəməyə müraciət etmişdir. Özünün hazırda psixoloji problemləri var. Belə ki, 1 ay 21 gün Gəncə Psixiatriya xəstəxanasında müalicə almışdır. Bankdan 10500 manat məbləğində kredit götürmüşdür. Mütəmadi olaraq ödəyirdi. Lakin pensiyası dayandığına görə krediti ödəyə bilməmişdir. Sonradan Unibank ona bildirib ki, 9 manat ödəniş et kreditin yenilənsin. Bank onun kreditini yeniləsə də, o, üzərinə düşən krediti ödəyə bilməmişdir. Cənab Prezident ona ev hədiyyə vermişdir. Krediti götürüb evin əşyalarını almışdır. Odur ki, İnzibati Məhkəmədə onun penisya işinə baxılıb qutaranadək hazırkı işin dayandırılmasını xahiş etdi. Məhkəmə iş üzrə cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 145nkGNDJ/24 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2027-ci il tarixinədək, illik 20 % ödəmək şərtilə 9433 (doqquz min dörd yüz otuz üç) manat məbləğində kredit ayrılmışdır. İşdə olan 03 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 145nkGNDJ/24 saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 aprel 2025-ci il tarixə 9433 manat əsas, 1135 manat faiz, 140.28 manat cərimə borcu, 0 manat komisyon haqqı olmaqla, cəmi 10709.12 (on min yeddi yüz doqquz manat, on iki qəpik) manat borcu yaranmışdır. İşdə olan 29 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 145nkGNDJ/24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2027-ci il tarixinədək, illik 20 % ödəmək şərtilə 9433 (doqquz min dörd yüz otuz üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 03 aprel 2025-ci il tarixə "xxxx" KB ASC-yə 9433 manat əsas, 1135 manat faiz, 140.28 manat cərimə borcu olmaqla cəmi 10709.12 (on min yeddi yüz doqquz manat, on iki qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, 145nkGNDJ/24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 9433 manat əsas, 1135 manat faiz, 140.28 manat cərimə borcu olmaqla, cəmi 10709.12 (on min yeddi yüz doqquz manat, on iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 122,13 (bir yüz iyirmi iki manat, on üç qəpik) manat dövlət rüsumundan və 0,40 (qırx qəpik) manat xidmət haqqından ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 122,13 (bir yüz iyirmi iki manat, on üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9433 manat əsas, 1135 manat faiz, 140.28 manat cərimə borcu olmaqla, cəmi 10709.12 (on min yeddi yüz doqquz manat, on iki qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 122,13 (bir yüz iyirmi iki manat, on üç qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı “X2” ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-691/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-691/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver