Məhkəmə qərarları › İş №e-2(066)-750/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-750/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-750/2024 13.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 və iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada kredit müqaviləsi üzrə 25433.24 manat məbləğində əsas borc, 4019.9 manat məbləğində faiz borcunun, 1261.42 manat məbləğində cərimə borcunun, cəmi 30706.56 manat borcun və 183 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 35 ay müddətinə, illik 22% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəlini”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, cavabadehlərlə aralarında heç bir razılıq əldə edilmədiyini, iddialarını tam müdafiə etdiyini, həmin mülki işə iştiraklarının olmadan işdə mövcud olan sübutlar əsasında baxaraq, iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında iddianı qəbul etməsini, 2023-cü ilin yanvar ayında İddiaçı ASC-dən kredit götürməsini, 8 ay krediti ödəməsini, sonradan səhhəti ilə əlaqədar olaraq ödəniş edə bilmədiyindən ödəniş məbləğinin aşağı salınması üçün banka müraciət etməsini, lakin bankla aralarında razılıq olunmamasını, kredit götürərkən Cavabdeh1 və Cavabdeh2 ona zamin durmalarını, cavadehlərdən Cavabdeh1 onun oğlu olmasını Cavabdeh2 isə baldızının oğlu olmasını bildirmişdir. Əlavə olaraq məhkəmədən qətnamə çıxarılarkən cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı qəbul etməsini, Cavabdeh3 kredit götürərkən ona zamin durmasını iddia tələbinə etirazının olmamasını, əlavə olaraq məhkəmədən qətnamə çıxarılarkən cərimə borcunun azaldılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli, ME/77319/89/29 nömrəli kredit sazişi müqaviləsindən görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 35 ay müddətinə, bank borcluya illik 22% olmaqla 30000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli, ME/77319/89/29 nömrəli kredit və zaminlik barədə qarışıq müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 35 ay müddətinə, illik 22% olmaqla 30000 manat məbləğində borc verilməsinə dair müqavilə bağlanmış, həmçinin, həmin müqavilə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 öhdəlikləri üzrə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iş üzrə tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış və bununla da cavabdehlərin müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. İddiaçı əsas borc məbləğinə müqavilənin şərtinə uyğun olaraq faiz və dəbbə (cərimə) pulu hesablamışdır. Qeyd edilənlərə əsasən məhkəmə dəbbə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər əsas və faiz borc məbləğlərinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda iddianın dəbbə (cərimə) pulunu ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehlərin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə cərimə (dəbbə) pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, cərimə (dəbbə) pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Cərimə (dəbbə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən cərimə (dəbbə) pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin (dəbbənin) tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1261.42 manat məbləğində cərimə (dəbbə) pulu tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 25433.24 manat əsas borc, 4011.9 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 29945.14 manat borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 183 manat dövlət rüsumunun 180 (bir yüz səksən) manat hissəsinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını, 3 (üç) manat hissəsinin isə iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25433.24 manat əsas borc, 4011.9 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 29945.14 (iyirmi doqquz min doqquz yüz qırx beş manat on dörd qəpik) manat borc məbləği və məhkəmə xərci qismində iddia ərizəsinin verilməsi üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar