Məhkəmə qərarları › İş №e-2(066)-878/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-878/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-878/2025 16.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4671.27 ABŞ dolları əsas, 1318.19 ABŞ dolları faiz, 6332.34 ABŞ doları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681.20 ABŞ dolları faiz borcu olmaqla cəmi 13003 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 156.32 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 93 (doxsan üç) ay müddətinə illik 8 (səkkiz) faiz olmaqla 6.827,90 (altı min səkkiz yüz iyirmi yeddi dollar doxsan sent) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-5501/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 13.003 (on üç min üç) ABŞ dolları təşkil edir. Bundan 4.671,27 (dörd min altı yüz yetmiş bir dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 1.318,19 (bir min üç yüz on səkkiz dollar on doqquz sent) ABŞ dolları faiz, 6.332,34 (altı min üç yüz otuz iki dollar otuz dörd sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681,20 (altı yüz səksən bir dollar iyirmi sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etməsini, iddianın tamamilə qanunsuz və əsassız olmasının, cavabdeh tərəf olaraq iddianı qəbul etmədiklərini və iddianın təmin edilməməsinə (rədd edilməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə nəzər saldıqda iddiaçının cavabdehdən kredit borcunu hansı sənəd əsasında hansı kredit müqaviləsi üzrə tələb etməsi görünmür. İddia ərizəsinə cavabdehlə arasında olan hər hansı bir sənədi, kredit müqaviləsini, maliyyə arayışını, kassa mədaxil və məxarıc qəbzlərini əlavə etməmişdir. Bir sözlə iddia ərizəsinə bununla bağlı hər hansı bir sənəd əlavə edilməmişdir. Buna gorə də məhkəmə haqlı olaraq həmin sənədlərin məhkəməyə təqdim olunması üçün iddiaçıya məktub ünvanlamışdır Göründüyü kimi iddiaçı tərəfin məhkəməyə göndərdiyi cavab məktubunda sözügedən sənədlərin olmaması qeyd edilmişdir. Bundan əlavə olaraq həmin məktubda əsassız bir mülahizə irəli sürülərək “Dəmirbank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə müştəri məlumatları kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmış və ona görə iddia qaldırılmışdır. Cavabdehlə iddiaçı arasında hər hansı belə bir müqavilə mövcüd deyil, iddaçı tərəfindən iddia edilən məbləğ cavabdehə verilməmişdir. Belə bir hal movcud idisə 2014-cü ildə verilmiş kredit 2025-ci ildə istənilməzdi. Bundan əlavə hesab etsək ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və məhkəmə iddiaçının əsassız (iddia ərizəsinə hər hansı sənəd əlavə etmədən, nəyə əsasən kredit borcunun tələb etməsi) iddiasını iddiaçının iddia ərizəsinə əsasən öz daxili inamını rəhbər tutaraq inanırsa, belə olan təqdirdə hazırkı iddiaya iddia müddəti tətbiq edilməlidir. İlk öncə iddia ərizəsinə hər hansı kredit müqaviləsi əlavə edilməyib ki, həmin kredit müqaviləsindən görünsün ki, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə mövcuddur. Bundan sonra, məlum olsun ki, həmin müqavilə hansı ildə hansı müddətə və hansı məbləğdə bağlanılmışdır. Göründüyü kimi iddiaçı tərəf bununla bağlı hər hansı bir sənəd təqdim edə bilmir və əsssız olaraq cavabdehdən pul tələb edir. Yuxarıda qeyd edildiyi kimi, hesab etsək ki, iddiaçının dedikləri düzdür, onda iddiaçının qeyd etdiyi tarixlərə nəzər salsaq müqavilə üzrə müddətin ötməsini açıq-aydın görünər. Bütün bu göstərilən xüsusatlara görə iddianı qəbul etmirlər. Odur ki, ilk öncə iddiaçı iddiasını sübuta yetirə bilmədiyi üçün iddianın təmin olunmamasına (rədd edilməsinə), ikincisi əgər məhkəmə iddiaçının mülahizəsinin düzgün olması qənaətinə gəldikdə isə iddia müddəti ötrüldüyündən iddiaçının iddiasına iddia müddəti tətbiq edilərək iddianın təmin olunmamasına (rədd edilməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, iddia tələbini tam müdafiə etdiyini, məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini vıə iddia tələbiunin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh İCavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər saldıqda məlum olur ki, iddiaçı cavabdehdeh xeyli məbləğdə pul tələb edir. Lakin, həmin pulun cavabdehə verilməsinə dair iddiaçı tərəfindən iddia ərizəsinə hər hansı bir sənəd, kredit müqaviləsini, maliyyə arayışını, kassa mədaxil və məxarıc qəbzləri təqdim edilməmişdir. Bundan əvvəl məhkəmə hazırlıq iclasındada həmin sənədlərin məhkəməyə təqdim edilməsi barədə məhkəmə tərəfindən iddiaçıya məktub göndərilsədə iddiaçı tərəfindən həmin sənədlərin mövcud olmaması bildirilmişdir. Sənəd olmadığı təqdirdə iddiaçı tərəf nəyin əsasında cavabdehdən pul tələb edir. İddiaçı tərəf yalnız qeyd etmişdir ki, cavabdehin borcu sistem üzərində görsənir. İddiaçı tərəf sübut etməlidir ki, nəyin əsasında cavabdehə pul vermişdir və həmin pulu istəyir. Bu səbəbdən iddianı qəbul etmir. Həmçinin iddiaçının deməsinə görə 2014-cü ildə cavabdehə pul verilmişdir. İddiaçının qeyd etdiyi tarixlərə nəzər salsaq müqavilə üzrə müddətin ötməsi görünər. Hesab edir ki, iddia tam qanunsuz və əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 12-5/2-Q-23-5529/2025 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə 4.671,27 (dörd min altı yüz yetmiş bir dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 1318,19 (bir min üç yüz on səkkiz dollar on doqquz sent) ABŞ dolları faiz, 6332,34 (altı min üç yüz otuz iki dollar otuz dörd sent) ABŞ dolları cərimə, 681,20 (altı yüz səksən bir dollar iyirmi sent) ABŞ dolları faiz borcu, cəmi 13003 ABŞ dolları məbləğində kredit borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, 12-5/2-Q-41-5501/2025 nömrəli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnba yazılı bildiriş ünvanlanmışdır. İşdə olan 01 iyul 2025-ci il tarixli 2(066)-878/2025 nömrəli məktubdan görünür ki, məhkəmə tərəfindən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məktub göndərilərək qeyd edilən iddia tələbinə məhkəmədə baxılması zərurəti ilə əlaqədar olaraq Cavabdeh pulun verilməsinə dair sənədin, ödəniş cədvəlinin, kredit müqaviləsinin və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya edilmiş kredit borcu barədə sənədlərin məhkəməyə göndərilməsi xahiş edilmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəmənin 01 iyul 2025-ci il tarixli 2(066)-878/2025 nömrəli məktubuna əsasən göndərilmiş 15 iyul 2025-ci il tarixli, 12-5/2-10453/2025 nömrəli cavab məktubda qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə müştəri məlumatları kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsiri altına düşmüş, hesablanmış kompensasiya məbləği (3590,44 manat) "xxxx" MMC vasitəsi ilə Cavabdeh birbaşa öz sərəncamına verilmişdir. Belə ki, müvafiq Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin”. Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.5-ci bəndində qeyd edilir ki, ödəniş müddəti keçmiş əsas kredit borcu fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu ilin martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Cavabdeh əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 10 gündən az olduğundan kompensasiya məbləği birbaşa onun sərəncamına verilmişdir. Həmçinin Cavabdeh məxsus kredit müqaviləsinin, ödəniş cədvəlinin, kassa sənədinin məhkəməyə təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, İddiaçı ASC-nin lisenziyası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması halları olmuşdur. Bu səbəbdən qeyd edilən sənədlərin hazırda məhkəməyə təqdim edilməsi mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən, cavabdehə illik 8%-lə 93 ay müddətinə 6827.90 ABŞ dolları məbləğində kredit vəsaiti verildiyini bildirsə də, iddia ərizəsinə iddia tələbinin əsası kimi istinad etdiyi sözügedən kredit müqaviləsini əlavə etməmiş, o cümlədən məhkəməyə sübutların təqdim edilməsinin mümkün olmaması iddiaçı tərəfindən bildirilməklə iddia tələbinə baxılması xahiş edilmişdir. Halbuki, AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Eyni zamanda milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları). Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Lakin iddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq tərəflər arasında kreditin verilməsinə dair tərəflər arasında müqavilə bağlanılmasını və müqavilədə göstərilən pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edəbilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin olunmadığından iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar